Çağdaş milli estradamızın tanınmış simalarından biri, mərhum bəstəkar Emin Sabitoğlunun yeni internet saytı istifadəyə verilmişdir.
Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi kimi tanınan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazmışdır. Altı yüzdən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələmişdir. Bəstəkarın "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları dillər əzbəridir.
Bəstəkarın
www.eminsabitoglu.com saytı "Jndesign" şirkəti tərəfindən hazırlanmışdır. Şirkətin icraçı direktoru Cəfər Nəcəfov bildirmişdir ki, sayt "Facebook" sosial şəbəkəsi ilə inteqrasiya olunmuşdur. Bu isə saytın istifadəçilərinin yazdıqları şərhləri "Facebook"da avtomatik olaraq paylaşmaq imkanı verəcəkdir.
Saytda bəstəkarın bioqrafiyası ilə yanaşı, 100-dən çox bəstələri, o cümlədən, fotoqalereyada çoxlu sayda şəkilləri yer almışdır.
Yaxın müddətdə saytda bəstəkarın digər əsərləri ilə yaxından tanış olmaq imkanı yaradılacaq.