"Arşın mal alan" musiqili komediyasının 100 illiyi qeyd olunacaq
Musiqili komediyanın yubileyi 2012-2013-cü illərdə YUNESKO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsin təbliği və təşviqi, mədəni müxtəlifliyinin qorunması sahəsindəki genişmiqyaslı fəaliyyətinin bir hissəsi kimi YUNESKO çərçivəsində qeyd edilməsi məqsədilə namizədliyi təqdim olunan Azərbaycan milli operasının banisi Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illik yubileyi 2012-2013-cü illərdə YUNESKO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib. Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümümbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar YUNESKO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd etmək istərdik ki, YUNESKO təşkilatına üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməkdədir.