PDF Oxu

Mədəniyyət

  • 462

İslami və milli dəyərlər bizə əzizdir

İslami və milli dəyərlər bizə əzizdir
Pakistanın nüfuzlu ingilisdilli "States Times" qəzetinin 24 aprel tarixli nömrəsində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan bəhs edən "İslami və milli dəyərlər bizə əzizdir" sərlövhəli məqalə dərc olunub. Jurnalist Zahida Amirin müəllifi olduğu yazıda forumun əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, qlobal miqyasda mədəni dözümsüzlüyün, qarşıdurmanın artdığı bir zamanda mədəniyyətlərarası dialoqun vacibliyi vurğulanıb. Müəllif bildirib ki, islam dünyasının tərkib hissəsi olan Azərbaycan, bununla yanaşı, mütərəqqi Qərb dəyərlərini də mənimsəyib. Buna görə də, forumun Azərbaycanda keçirilməsi təsadüfi olmamışdır. Tarixən müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən və zəngin sivilizasiyaya malik olan Azərbaycanda müxtəlif etnik və dini qruplar hər zaman sülh şəraitində yaşamış, heç bir ayrıseçkiliyə məruz qalmamışdır. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin forumda nitqinin tam mətni də yer alıb. Müəllif bu nitqə istinadla ölkəmizdə islami və milli dəyərlərin əziz tutulduğunu, bundan əlavə, Azərbaycanın müsəlman dünyasında ilk dəfə olaraq, demokratik respublika qurduğunu, ilk teatr və operaya malik, həmçinin, qadınlara səsvermə hüququnu tanıyan ilk dövlət olduğunu oxucuların diqqətinə çatdırmışdır. Yazıda dövlətimizin başçısının bu sözləri xüsusi vurğulanıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi beynəlxalq təşkilatlar tərəfindən tanınmış və ondan işğal etdiyi torpaqlardan çıxması tələb olunub. Lakin Ermənistan buna məhəl qoymur. Amma Azərbaycan torpaqları işğaldan azad olunacaqdır. Jurnalist qeyd edib ki, Azərbaycan, mütəmadi olaraq, mədəniyyətlərarası dialoq və dözümlülüyün bərqərar olunmasına yönəlmiş tədbirlər təşkil edir. Bakıda keçirilmiş və islam ölkələrinin nümayəndələrinin dəvət olunduğu Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin görüşü, Dünya Dini Liderlərinin Bakı Sammiti bunun əyani təzahürüdür. Gənc müstəqil dövlət olduğuna və erməni işğalına məruz qaldığına baxmayaraq, Azərbaycan qlobal sülh və dözümlülüyün təmin edilməsi istiqamətində məqsədyönlü siyasətini davam etdirməkdədir. Müəllif, həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın forumda çıxışından da sitatlar gətirmiş, ümumbəşəri dəyərlərin ətrafında birləşməyin və ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müqəddəs Qurani-Kərimin yandırılmasına beynəlxalq aləmdə müvafiq reaksiya verilməməsindən və dinin siyasiləşdirilməsindən təəssüflənməsi də öz əksini tapmışdır.

Digər xəbərlər