Türkmənistanda beynəlxalq festival və elmi konfrans keçiriləcək
Cari ilin 28-30 aprel tarixlərində Türkmənistanın Aşqabad şəhərində "Türk xalqlarının mədəni irsi" mövzusunda beynəlxalq festival və elmi konfrans təşkil ediləcəkdir.
Türkmənistan dövləti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə türk dövlətlərinin zəngin mədəni irsinin təbliği, türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə keçiriləcək tədbirlərdə nümayəndə heyətləri müxtəlif nominasiyalarda (milli musiqi və rəqs, xalq tətbiqi sənəti, mətbəx, kino, milli geyimlər və s.) çıxış edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Vüqar Məmmədovun verdiyi məlumata görə, festival çərçivəsində keçiriləcək elmi konfransda türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair fikir mübadiləsi aparılacaqdır.
Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulmuşdur.