Çağdaş poeziyamızda vətən sevgisi
Çağdaş poeziyamızın qələm sahibləri zamanla mübarizədə sözün hikmətindən yararlanır, onun gücü ilə reallıqları bədii boyalarla əks etdirirlər. Dövrün mənzərəsinin müxtəlif çalarlarda təqdimi yaradıcı şəxsin daxili imkanları, istedad və məxsusiliyi ilə səciyyələnir. Poeziyamızda qələmi ilə tanınan Müzahim Mehvalıoğlu da cəmiyyətlə birbaşa təmasda olan şair olduğundan, yaradıcılığında yaşanılan həqiqətlərin məcmusunu görmək mümkündür.
Onun yaradıcılıq qayəsinin əsasını təşkil edən şeir nümunələri müxtəlif adlarla poeziyasevərlərə təqdim olunur. Belə ki, "Bu obanın sahibləri hardadır", "Ocaq dağı", "Atam mənə deyərdi" kitabları ilə oxucuların görüşünə gələn şair məzmunlu nümunələri ilə, mütəmadi olaraq, oxucu -şair arasında olan əlaqələri qoruyub saxlayır.
Müzahim Mehvalıoğlu müxtəlif illərin zəngin təəssüratından yaranmış rəngarəng şeir parçaları ilə poeziyasevərlərin qəlbinə baharın nəfəsini gətirir, həyatın rəng çalarlarını, zolaqlardan ibarət mənzərəni nəzmə çəkmələ söz dünyasını bədii, poetik bir şəkildə təqdim edir. Təbiətin isti, bəzən də soyuq nəfəsi, ilham verən qəlb dünyasının pıçıltıları, xalqın qəhrəmanlıq nümunələri onun yaradıcılığının əsas xəttini təşkil edir. Onun çapdan çıxan sonuncu nəşri olan "Məni çağır" kitabında şairin vətən sevgisi sezilir, onu erməni təcavüzkarlarının əlində olan torpaqların harayı narahat edir və düşünən dünyasının bir parçasını ağ kağız üzərinə köçürür.
Müzahimin yaradıcılığında, demək olar ki, hər mövzuya təsadüf olunur. "Ali Baş Komandan", "Vətəndə", "Göyçəm", "Vətən torpağı", "Qayıtmalıyıq" və s. başlıqlı şeirləri onun vətənlə bağlı düşüncələrinin məntiqi nümunələridir. Sönmüş ocaqlara nə vaxtsa qayıdacağını ifadə edən şair Azərbaycana məxsus olan ərazilərin məhz geri alınacağına inamını ifadə edir.
Ali Baş Komandanın əmrini gözləyən oğulların vətəpərvərlik hisslərini də səmimi, inandırıcı boyalarla oxucusuna çatdırır.
Şair cəmiyyətdə baş verən hadisələrə həssaslıqla yanaşaraq, dövrün ictimai mənzərəsini də çağdaş poeziyamıza məxsus ştrixlərlə təqdim edir. Onun Azərbaycan xalqının milli dəyərlərinə, Böyük Şəxsiyyət - Heydər Əliyevə həsr etdiyi "Böyük Öndər" şeiri də məzmunu baxımından diqqəti çəkir:
Bu millətin
Milyon-milyon ürəklərdə,
İşıq saçan
"Böyük Öndər" atası var.
Uca-uca zirvələrdə
Silinməyən
Ad-sanı var.
Bu millətə bəxş etdiyi
Şir ürəkli
İlhamı var.
Bu millətin sabahına,
Ümidi var,
İnamı var.
Dinimizin Məhəmmədi,
"Quran"ı var.
Bu millətin Heydər kimi
Öndəri var,
Bu dövləti
Quranı var.