PDF Oxu

Mədəniyyət

  • 261

"Zoroastrian Footprint" ("Zərdüştün izi") adlı sərgi açılıb Sərgi aprelin 24-dək davam edəcək

"Zoroastrian Footprint" ("Zərdüştün izi") adlı sərgi açılıb Sərgi aprelin 24-dək davam edəcək
Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" rəsm qalereyasında hazırda Böyük Britaniyada yaşayan Azərbaycan rəssamı Kəbirə Əliyevanın "Zoroastrian Footprint" ("Zərdüştün izi") adlı rəsm əsərlərindən ibarət fərdi sərgisi açılıb. Sərginin açılış mərasimində sənətsevərlər, rəssamlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə rəssamın hind mürəkkəbi, akvarel, akril və metal boyalarla papirus və kağız üzərində çəkilmiş etnik istiqamətli qrafik işləri, buta rəsmlərindən ibarət 50-yə yaxın əsəri nümayiş olunur.
Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, xalq rəssamı Arif Hüseynov, rəssam Eldar Ağamalov çıxış edərək, Kəbirə Əliyevanın həyat və yaradıcılığından söhbət açıblar.
Bildirilib ki, 1982-ci ildə Bakıda anadan olmuş Kəbirə Əliyeva rəsm çəkməyə 3 yaşında olarkən başlayıb. Sonra ailəsi ilə birlikdə Türkiyəyə köçmüş, hazırda isə Böyük Britaniyada yaşayır. Xaricdə yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, rəssamın sərgidə nümayiş etdirilən çoxsaylı əsərlərində milli mədəniyyətimizin elementləri və müasir incəsənətin müxtəlif elementləri özündə birləşib. Onun işlərinin ölkəmizdən kənarda da müxtəlif qalereyalarda dəfələrlə sərgiləndiyini diqqətə çatdıran natiqlər Kəbirə Əliyevanın ustalıqla yaratdığı işlərin güclü emosiya doğurduğunu vurğulayıblar.
Onun işləri özünəməxsusluğu, dərinliyi, incəlik və orijinallığı ilə seçilir. Gənc rəssamın əsərlərində qadının gizli ruhu, simvolu, gözəlliyi, fəlsəfəsi, həyata inamı öz əksini tapıb. "Zərdüştün izi" adlanan əsərlər kolleksiyası rəssamın zərdüştlük mövzusuna hisslərinin çoxsaylı fiqurlar və abstrakt formaların rəqsləri ilə ifadəsidir. Papirus kağızı üzərində çəkmək isə onlara keçmişin ətrini qatır.
Natiqlər gənc rəssamın gələcək yaradıcılıq fəaliyyətinin daha da uğurlu olacağına əminliklərini vurğulayıblar. Ölkəmizin mədəni zənginliyinin Şərq və Qərb mədəniyyətlərinin mütərəqqi komponentlərini özündə ehtiva etdiyini və bugünkü sərginin bunun bariz nümunəsi olduğu nəzərə çarpdırılıb.
Qeyd olunub ki, rəssamın işləri dünyanın 20-dən çox ölkəsində, o cümlədən, Azərbaycan, Türkiyə, İsveçrə və Birləşmiş Krallıqda nümayiş olunmuş, bir çox şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın fırça ilə işlədiyi əsərlər iştirakçıların böyük marağına səbəb olub. Bakıda fərdi sərgisinin sonuncu dəfə 19 il əvvəl keçirildiyini qeyd edən gənc rəssam Kəbirə Əliyeva sərginin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Digər xəbərlər