Barmaqlardan qəlblərə yol açan sehrli ifa
Azərbaycan-Alman Mədəniyyət Mərkəzi "Kapelhaus" da Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 11-ci sinif şagirdi, Prezident təqaüdçüsü Yusif Bayramovun solo konserti keçirildi. Konsert proqramına Azərbaycan, Avropa, rus klassik bəstəkarlarının musiqi əsərləri daxil edilmişdi. Çağdaş Azərbaycan tar məktəbinin layiqli davamçlarından biri kimi tanınan Yusif milli musiqimizin inkişafına öz töhfələrini verə biləcək ifaçılardandır.
Azərbaycan tar məktəbinin görkəmli və tanınmış simaları qarşısında çıxış edən Yusif Bayramov cəsarətli ifası ilə istedadını nümayiş etdirə bildi. O, konsert proqramında Arif Məlikovun "İki qəlbin dastanı" baletindən "Kölələrin rəqsi", Fridrix Şopenin "Vals-7", Dvorjakın "Slavyan rəqsi"(tar və fortepiano üçün işləyəni Səbuhi Cəfərov), P.Çaykovskinin "Vals-fantaziya", S.Ələsgərovun "Vətənimdir", C.Cahangirovun "Ana", F.Əmirovun "Muğam-poema", eləcə də, "Şüştər", "Xaric segah" muğamlarından parçaları özünəməxsus ifa tərzi ilə təqdim etdi. Müxtəlif məzmunda olan maraqlı əsərlərlə repertuarını təşkil edən ifaçı sənətkara məxsus manevrləri ilə dinləyiciləri riqqətə gətirdi. Yaşının az olmasına baxmayaraq, ifası ilə hər nəslə məxsus olan tamaşaçıların qəlbini əllərindən sehrli bir şəkildə süzülüb gələn musiqi ilə fəth edə bildi. Ustadlarımızın sənətkarlıq yolunu davam etdirən Y.Bayramov ona ötürülən sənətin bilicisi kimi məsuliyyətini dərk etdiyindən həssaslıq, məsuliyyət konsert boyu onu tərk etmədi. Sələflərin yolunu davam etdirmək məsuliyyəti ona artıq hesabat xarakterli konsertində bir daha aydın oldu. Müəllimi Azərbaycan Milli Konservatoriyasının dosenti Səbuhi Cəfərovdan tar sənətinin sirlərini əxz edə-edə artıq müstəqil şəkildə solo ifasını ortaya qoyur. O, ustaddan öyrənməyin ümdə şərt olduğunu elə ilk illərdən hiss edib. Sözsüz ki, hər bir ustada malik məxsusi barmaqları da ifaçılığı şərtləndirən amildir ki, bu da onda açıq-aydın sezilirdi. Aydın və səlis ifası salona sakitlik çökdürmüşdü.
Konsert proqramı böyük anşlaqla sona yetdi. Belə ifadan sonra təbii ki, tamaşaçı qismində olan professional tarzənlərin, mütəxəssislərin deməyə kifayət sözləri var idi. Azərbaycan Milli Konservatoriyasının dosenti Səbuhi Cəfərov: "Təbii ki, bu konsertin belə bir səviyyədə sona yetməsi ilk olaraq bir müəllim kimi mənim sevincimdir. 2003-cü ildən bu günə qədər tar sənətinin sirlərini ona əxs edirəm və Yusifin belə çıxışı illərin, zəhmətinin hədər olmadığını göstərdi. Hər bir müəllim üçün onun yetirməsinin uğuru elə özünün sənətdə nailiyyəti kimi qəbul olunur. Mən onunla məşğul olmağa başladığım zaman tara olan isti münasibətini və bacarığını hiss etdim. Qavraması, məsuliyyəti ilə istedadının birləşməsi onun bu səviyyədə püxtələşməsinə gətirib çıxarıb. İnanıram ki, onu gələcəkdə uğurlar müşayiət edəcək, Azərbaycan və dünya musiqisinin nadir nümunələr onun ifasında sərhədsiz dünyamıza səs salacaq. Bildiyiniz kimi, artıq özünəməxsus dəsti-xətti ilə, o, yaşının az olmasına baxmayaraq, dövlət tərəfindən yüksək qiymətləndirilmişdi. Belə ki, "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iki il əvvəl Prezident təqaüdünə layiq görüldü və musiqi sahəsində xüsusi istedadı olan şəxs kimi adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazıldı. Bununla yanaşı, bir müəllim olaraq, onu da deyərdim ki, o, Heydər Əliyev adına I Respublika Müsabiqəsinin laureatı, Nazim Əliverdibəyov adına V Ümumşəhər Müsabiqəsinin "Qran Pri" mükafatçısı, eləcə də, Rusiya səfirliyi tərəfindən keçirilən "Rodniki duşi" müsabiqəsinin laureatı adını qazanıb. Mən ona uğurlar və yeni-yeni sənət görüşləri arzulayıram".
Azərbaycan Milli Konservatoriyasının professoru Məmmədağa Kərimov da konsertin maraqlı proqramla tərtibatından və ifaçılıq baxımından professional olduğundan ürəkdolusu danışdı. O, qeyd etdi ki, Yusif mənim tələbəmin yetirməsidir. Onun belə ifası mənim başucalığımdır: "Bu çıxış çox məsuliyyətli proqram üzərində qurulmuşdur. Müəllim sənətə yeniyetmə və gənc nəslin ifaçısını hazırlayarkən özünün metodik cəhətdən hazırlıqlı olması, dərsə düzgün münasibəti, həvəs və mövqeyi ön planda olmalıdır. Təbii ki, müəllimin tələbkarlığı, peşəkarlığı və sənətə münasibəti yetirməsinin gələcək yolunda bütün xırdalıqlarına qədər özünü göstərir. Elə bugünkü konsertin möhtəşəm keçməsi də buna dəlalət edir. Belə gənclərin ifası müasir tar məktəbinin layiqli ifaçılarının yetişdirildiyini göstərir. Demək mümkündür ki, bizim nəsli layiqli ifaçılar təmsil edəcəklər. Təbii ki, belə gənclərin yetişməsində dövlətin gənclərimizə olan diqqətini də qeyd etməliyik. Milli musiqimizə verilən yüksək qiymət, onun beynəlxalq səviyyədə təbliği, xüsusilə, muğam sənətinə açılan qapı gəncləri daha da həvəsləndirmişdir. Son illərdə muğam sənətinə, milli alətlərimizə olan marağın artması da məhz onlara verilən meydanın nəticəsidir ki, bu gün gənclər bundan yararlanır və belə konsert salonlarında layiqli ifa nümayiş etdirirlər. Bildiyimiz kimi, Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, zənginləşmişdir. Bu gün də bu proses ənənə çərçivəsində həllini tapır. Mən çox qürurla, məmnunluqla və təəssüratla bu salonu tərk edirəm."
Y.Bayramovun solo konserti hər bir tamaşaçını duyğulandırdı, ona zövq və rahatlıq verdi.