PDF Oxu

Mədəniyyət

  • 53

Nəriman Həsənzadənin yubileyi qeyd ediləcək

Nəriman Həsənzadənin yubileyi qeyd ediləcək
Aprelin 20-də Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət adamları, tanınmış ziyalılar, mətbuat nümayəndələri iştirak edəcək.
Filarmoniyanın foyesində görkəmli yazıçının kitablarından və ona aid çap məhsullarından ibarət sərgi nümayiş olunacaq. Yubiley gecəsində tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin çıxışları ilə yanaşı, şairin sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək, pyesləri əsasında hazırlanmış tamaşalardan hissələr göstəriləcək.
Məlumat üçün bildirək ki, Nəriman Həsənzadənin 80 yaşının tamam olması ilə bağlı yubiley tədbirləri indiyədək M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, Gəncə şəhərində keçirilib. Növbəti yubiley mərasimlərinin Qazax, Ağstafa və Naxçıvanda keçirilməsi nəzərdə tutulur.
Həsənzadə Nəriman Əliməmməd oğlu 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir.
Təkrar-təkrar çap olunan "Seçilmiş əsərlər"i, "Nabat xalanın çörəyi", "Nəriman", "Zümrüd quşu", "Kimin sualı var?" və başqa kitabları şairin adını təkcə vətənimizdə deyil, dünya miqyasında tanıtmışdır. "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü" kimi dəyərli dram əsərləri Azərbaycanın ən böyük teatrlarında səhnəyə qoyulmuş, tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Onun əsərləri müxtəlif dillərə tərcümə olunaraq xarici ölkələrdə də işıq üzü görmüş və teatr səhnələrində tamaşaya qoyulmuşdur.
N.Həsənzadə ədəbi fəaliyyətlə yanaşı, Respublika Televiziya və Radio Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında məsul vəzifələrdə çalışmış, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru, mətbuat və informasiya nazirinin birinci müavini, nazir əvəzi olmaqla mühüm dövlət səlahiyyətlərini həyata keçirmiş, millət vəkili seçilərək parlamentdə xalqı təmsil etmişdir.
İstər yaradıcılıqda, istərsə də elmi-ictimai fəaliyyətdə qazandığı uğurlar dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş, ona xalq şairi adı, "Şərəf nişanı", "Şöhrət" ordeni verilmişdir. Nəriman müəllim həm də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
N.Həsənzadə indi də yaradıcılığını və pedaqoji fəaliyyətini uğurla davam etdirir. O, Azərbaycan Milli Aviasiya Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professordur. Şeir və poemaları mütəmadi olaraq mətbuatda çap olunur, ədəbiyyat və mədəniyyət saytlarında yayımlanır. Şairin yaradıcılığı, həmişə olduğu kimi, indi də tənqidçilərin və tədqiqatçıların diqqət mərkəzindədir.

Digər xəbərlər