Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş bədii yaradıcılıq festivalı keçiriləcək
Aprelin 18-də Azərbaycan Dillər Universitetində tələbələrin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş bədii yaradıcılıq festivalı keçiriləcək.
ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın verdiyi məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən süjetin təqdim olunacağı festivalda universitetin bütün fakültələrindən 27 tələbə iştirak edəcəkdir. Onların ifalarında rəqs, bədii qiraətlə yanaşı, retro və müasir mahnılar da səslənəcəkdir.
Tələbələrin bədii yaradıcılıq festivalında onların istedadını xalq artisti, bəstəkar Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova və beynəlxalq festivalların laureatı, məşhur rəqqasə Oksana Rəsulovadan ibarət münsiflər heyəti qiymətləndirəcəkdir.
Festival Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fevralın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı qəbul etdikləri qərara uyğun olaraq keçiriləcəkdir. Qərara əsasən, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, onların incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədi ilə bu ilin mart-aprel aylarında ali məktəblərdə tələbələrin bədii yaradıcılıq festivalları təşkil olunmalıdır.
Festivalın qaliblərinin yekun konserti may ayının birinci ongünlüyündə keçiriləcək.