PDF Oxu

Mədəniyyət

  • 65

Bukmeker şirkətləri rəylərini açıqlayıb

Bukmeker şirkətləri rəylərini açıqlayıb
Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision - 2011" mahnı yarışmasının nəticələri ilə bağlı ən tanınmış bukmeker şirkətləri rəylərini açıqlayıb. Bir neçə həftə bundan əvvəl Böyük Britaniyanın "William Hill" bukmeker kontorunun hesablamaları nəticəsində 43 təmsilçi ölkə arasında beşinci yerdə olan Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal artıq birinci yerdədir. Avropa ictimaiyyətinin rəyinə görə, bu il "Eurovision - 2011" müsabiqəsinin qalibi ya Azərbaycan, ya da Fransa olacaq. Onu da bildirək ki, Azərbaycanın önə çıxması təmsilçilərimizin Düsseldorf səhnəsində ifa edəcəyi "Running Scared" mahnısına çəkilən klipin nümayişindən sonra baş verib. Qeyd edək ki, 56-cı "Eurovision" mahnı müsabiqəsində 43 ölkə təmsil olunur. Azərbaycan təmsilçiləri müsabiqənin mayın 10-da keçiriləcək I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaqlar. Eldar Qasımov və Nigar Camal müsabiqədə "Running Scared" mahnısını ifa edəcəklər. Hər il olduğu kimi, bu il də "Eurovision-2011" müsabiqəsi ilə bağlı hər iştirakçı ölkənin rəsmi fan-klubu səsvermə keçirir. "Ogae Azərbaycan"ın vitse-prezidenti Ömər Əbdülkərimovun verdiyi məlumata görə, artıq müsabiqənin Azərbaycan üzrə rəsmi fan-klubunun keçirdiyi səsvermənin nəticələri məlumdur. Səsvermədə "Ogae-Azərbaycan"ın 60-a yaxın üzvü iştirak edib. Nəticələrə əsasən "Ogae-Azərbaycan" 12 xalını İsveçə, 10 xalını Böyük Britaniyaya, 8 xalını Rusiyaya, 7 xalını Bosniya və Herseqovinaya, 6 xalını Danimarkaya, 5 xalını Macarıstana, 4 xalını Bolqarıstana, 3 xalını Estoniyaya, 2 xalını Almaniyaya və 1 xalını Fransaya verib. Ö.Əbdülkərimov bildirib ki, hər iştirakçı ölkənin rəsmi fan-klubu artıq keçirdiyi səsvermənin nəticəsini açıqlayıb. Nəticələrin "Eurovision-2011" mahnı müsabiqəsinin mayın 14-də keçiriləcək finalına müəyyən qədər təsir edəcəyi gözlənilir. Qeyd edək ki, İsveçin "Eurovision-2011" müsabiqəsindəki təmsilçisi Erik Saade bu il bir çox ölkələrin, eləcə də, fan-klubların favoritidir. O, Düsseldorfda "Popular" mahnısı ilə Avropa ictimaiyyəti qarşısında çıxış edəcək.

Digər xəbərlər