18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş dəyirmi masa keçiriləcək
İçərişəhərin çoxəsrlik tarixə malik, ölkə əhəmiyyətli abidəsi olan Kiçik Karvansarada 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi" mövzusunda dəyirmi masa keçiriləcəkdir.
Tədbirdə AMEA-nın və "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin əməkdaşları İçərişəhər və burada yerləşən abidələr barədə məruzələrlə çıxış edəcək, günün məqsəd və dəyərindən danışacaqlar.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, bununla yanaşı, Kiçik Karvansarada İçərişəhərdə gedən bərpa və muzey-konservasiya işlərinə həsr olunmuş "Məhəmməd məscidi", "Sıratağlı dini-memarlıq kompleksi - Xanəgah", "Numizmatik muzey-ekspozisiyası" mövzularında fotosərgi keçiriləcəkdir. Sərgidə, eyni zamanda, Qarabağın, Naxçıvanın, Bakı və Abşeronun abidələrinin fotoları da nümayiş etdiriləcəkdir.
Həmin gün "Şirvanşahlar Sarayı Kompleksi"ndə məktəblilərn iştirakı ilə Azərbaycanın memarlıq abidələrinə həsr edilmiş bədii kompozisiya təşkil olunacaq, Elturan Avalovun və Qəzənfər Əlizadənin qrafik və sulu boya ilə işlənmiş rəsm əsərləri sərgilənəcəkdir.
Eyni zamanda, "Şirvanşahlar Sarayı Kompleksi"ndə "açıq qapı" günü elan ediləcək və arzu edən hər kəs qürur mənbəyimiz olan bu möhtəşəm abidə kompleksini ziyarət edə biləcəkdir.