IV Beynəlxalq Müasir Musiqi Festivalının bağlanışı olub
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalının təntənəli bağlanış mərasimi olub. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, festivalın əhəmiyyətini diqqətə çatdırıb. Ə.Vəliyev Azərbaycanın artıq beynəlxalq mədəniyyət və incəsənət festivalları məkanına çevrildiyini xüsusi vurğulayıb.
Bildirilib ki, dahi Azərbaycan bəstəkarı, Qara Qarayevin adını daşıyan festivalda 10-dan çox ölkəni təmsil edən musiqi qrupları bir həftə ərzində paytaxtımızda geniş konsert proqramları ilə çıxış ediblər. Konsert proqramlarına Azərbaycan musiqiçiləri ilə yanaşı, Almaniya, Fransa, Rusiya və digər ölkələrdən 50-dək bəstəkarın əsərləri daxil edilib. Bu bəstəkarların sırasında gənclər də yer almışdı.
Beynəlxalq festivalın təntənəli bağlanış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış etmişdir. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Rauf Abdullayevdir.
Solist kimi isveçrəli violin ifaçısı Patrisiya Kopatçinskayanın çıxış etdiyi konsertdə görkəmli Avstriya bəstəkarı Alban Berqin, Qara Qarayevin və Fərəc Qarayevin əsərləri səslənib.