Aleksandra Qrabovska Zaqatala şəhərində olub
Polşa Respublikasının Bakıdakı konsulu xanım Aleksandra Qrabovska XIX əsrdə polyak üsyançılarının sürgün edildikləri Zaqatala şəhərində olub. Səfər çərçivəsində konsul yerli muzeyə və qalaya baş çəkib. Bələdçi rolunda konsulu Zaqatalada muzeyinin direktoru Cahangir Sultanov müşayiət edib.
Səfirliyin məlumatında deyilir ki, Azərbaycana sürgün olunmuş polyaklar Zaqatalaya 1830-cu il noyabr üsyanın yatırılmasından sonra gətirilmişlər. Zaqatalada onlar 1830-cü ildə inşasına başlanmış qalada yerləşdirilmişlər. Zaqatala qalası yaxın vaxtlaradək hərbi məqsədlərdə istifadə olunmuşdur. Polyakların Qafqaza gəlmə tarixi ilə bilavasitə əlaqəsi olmuş digər obyektlər isə hazırda Zaqatala şəhər parkının tərkib hissəsini təşkil edən keçmiş katolik kilsəsinin binası və qədim xristian qəbiristanlığının ərazisidir.
Bu şəhərin zəngin tarixinə, necə deyərlər, öz "möhürünü vurmuş" polyaklardan biri tanınmış botanik və zooloq, Zaqatala naturalist muzeyinin direktoru olmuş Lüdvik Mlokoseviçdir. XIX əsrin ikinci yarısında onun tərəfindən toplanmış eksponatlar Zaqatala Qoruğunun tərkib hissəsi olan muzeydə bu gün də nümayiş etdirilir. Mlokoseviç həm də, Qafqazın təbiətindən bəhs edən publisistik yazıların müəllifi kimi tanınır. O, həmçinin, əvvəllər təbiət elminə məlum olmayan bir neçə flora və fauna nümunələrini kəşf etmişdir.