"Qafqazın tarixi ensiklopediyası"
Professor İradə Hüseynovanın "İstoriçeskiye ensiklopediya Kavkaza" ("Qafqazın tarixi ensiklopediyası") adlı kitabı oxucuların istifadəsinə verildi. Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva və tarix elmləri doktoru, professor Tofiq Vəliyevdir. Oxucuların istifadəsinə verilən 956 səhifəlik, nəfis şəkildə tərtib olunmuş bu kitab qədim dövrlərdən bu günümüzədək Qafqazda baş verən tarixi hadisələri açıb göstərən universal fundamental nəşrdir. Ensiklopediya Qafqaz xalqlarının etnosiyasi, sosial-iqtisadi və mədəni inkişafı kontekstində işlənib hazırlanmışdır. Əsər region üzrə böyük həcmdə cəmiyyətşünaslıq, mədəniyyətşünaslıq materiallarını, mühüm məqalələri, termin və anlayışları özündə cəmləşdirir. Əhatə dairəsinə, xarakterinə və məzmununa görə bu ensiklopediya humanitar təmayüllü, nadir, obyektiv və elmi cəhətdən səhihdir.
Ensiklopediya istifadəçilərə regionda yaşayan etnosların tarixini, fəlsəfəsini, iqtisadi həyatını, mədəni ənənələrini öyrənməkdə, həmçinin, sistemləşdirmə vərdişlərinə yiyələnməkdə, mənimsəmənin məntiqi və tədqiqat prinsiplərindən istifadə etməkdə, öz dünyagörüşlərini və bilik dərəcələrini artırmaqda yardımçı olacaqdır. Kitab alimlər, müəllimlər, politoloqlar, etnoqraflar, tarix məsələləri ilə, geosiyasətlə, beynəlxalq münasibətlərlə məşğul olan mütəxəssislər, tələbələr və magistrlər, həmçinin, geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.