Arif Paşayevin əsərlərinin biblioqrafik göstəricisi çap edilib
AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən akademik Arif Mir Cəlal oğlu Paşayevin əsərlərinin biblioqrafik göstəricisi çap edilib. Biblioqrafiyanın tərtibçi müəllifləri AMEA Mərkəzi-Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, texnika elmləri üzrə fəlsəfə elmləri doktoru Ənvər Həzərxanov, redaktorları AMEA MEK-in direktor müavini Firəngiz Hüseynova və kitabxananın bölmə müdiri İsmət Səfərovdur.
Görkəmli alim, Milli Aviasiya Akademiyasının rektoru, SSRİ ixtiraçısı, Azərbaycan Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Paşayevin əsərlərinin biblioqrafik göstəricisi 1970-2009-cu illərdə Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitab, monoqrafiya, broşüralar, məcmuə, dərslik, dərs vəsaiti, elmi məqalə, beynəlxalq simpozium, sessiya və konfrans materiallarında, dövri mətbuatda çap olunmuş məqalə və tezisləri əhatə edir.
Biblioqrafiyaya daxil edilmiş materiallar müvafiq bölmələr üzrə xronoloji qaydada yerləşdirilib. Biblioqrafik göstəricidə, həmçinin, akademik Arif Paşayevin həyat və fəaliyyətini əks etdirən oçerklər, elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri, elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyalar, tanınmış alimlərin akademik haqqında fikir və mülahizələri verilib.
Kitabda AMEA prezidenti, akademik Mahmud Kərimovun alim haqqında yazdığı "Alim ömrünün elmi təfəkkürə köklənmiş kodları" adlı məqaləsi və akademik Arif Mehdiyevin Arif Paşayevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında yazdığı qısa oçerk də yer alıb.