Azərbaycanın mədəniyyətlərarası tolerantlığın ünvanını əks etdirən layihə
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Mədəniyyətlərarası Alyansı, İslam Konfransı Gənclər Forumu və Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Gənclər Mədəniyyətlərarası İttifaq Uğrunda" Beynəlxalq hərəkatı təsis olunacaqdır.
Bu hərəkatın təsis olunması 2007-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə beynəlxalq konfransda irəli sürülmüşdür. Bu hərəkat hazırda beynəlxalq münasibətlərdə ən ağır məsələlərlə - mədəniyyətlər və sivilizasiyalararası münasibətlərdə olan kəskin məsələlərlə məşğul olur. Hər il bu hərəkatın beynəlxalq forumları keçirilir. Hərəkat, ümumiyyətlə, mədəniyyətlər arasındakı problemləri aradan qaldırmağa çalışır və bu prosesdə gənclərin fəal rolunu nəzərə alaraq BMT-nin bu istiqamətdə qurduğu ilk struktur beynəlxalq hərəkat olacaqdır. Bunun Azərbaycan tərəfindən təklif edilməsi və ölkəmizdə keçirilməsi mədəniyyətlərarası, sivilizasiyalararası alyans sahəsində ölkəmizin mühüm addımlarından biri olacaqdır. Bu, Azərbaycanın mədəniyyətlərarası tolerantlığın ünvanı olmasını əks etdirən bir layihədir.