Timur Oduşev 32-ci Gənc İstedadlar Mükafatının laureatı adını qazanıb
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, "Sahə" filmində əsas rolların birində çəkilmiş Bakı Xoreoqrafiya Məktəbinin tələbəsi Timur Oduşev 32-ci Gənc İstedadlar Mükafatının laureatı adını qazanmışdır. Qaliblərin adları Hollivudda keçirilmiş mərasimdə elan olunmuşdur. Tədbirdə Timur Oduşevlə birlikdə filmin quruluşçu rejissoru İlqar Safat da iştirak etmişdir. Qeyd etmək lazımdır ki, ötən ilin sonunda Los-Ancelesdə ABŞ və xarici mətbuat nümayəndələri və kino tənqidçiləri üçün "Nəriman-film" şirkətində çəkilmiş "Sahə" filminin "Oskar"qabağı nümayişləri təşkil olunmuşdur. ABŞ-ın Gənc İstedadlar Fondunun hər il keçirdiyi müsabiqəyə Timur Oduşevin namizədliyi jurnalistlər tərəfindən irəli sürülmüşdür. Müsabiqənin yekun mərhələsinə Fransa, Rusiya, İsveç, İspaniya, Kanada, Hollandiya və Braziliyada istehsal olunmuş filmlərin gənc aktyorları çıxmışlar. Təqdimat mərasimində "Xarici filmdə ən yaxşı gənc aktyor" nominasiyasında "Sahə" filmində baş qəhrəman Qəribin uşaqlığı roluna görə münsiflər heyətinin qərarı ilə Timur Oduşev qalib elan olundu.