Əbu-Dabi Beynəlxalq Kitab Sərgisi açılıb
Birləşmiş Ərəb Əmirliklərində Yaxın Şərqin ən böyük kitab sərgilərindən biri olan Əbu-Dabi Beynəlxalq Kitab Sərgisinin təntənəli açılışı olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, respublikamızın sərgi üzrə əlaqələndiricisi Elbəy Əlinin Əbu-Dabidən verdiyi xəbərə görə möhtəşəm kitab bayramının kataloqunda Azərbaycan da yer almışdır. 168 adda 265 nüsxə kitabla, ölkəmizi tanıdan çox sayda informatik bülletenlər, albomlar, büroşurlar, jurnallar və kataloqlarla tədbirə qatılan milli ekspozisiya ilk gündən böyük maraq doğurmuşdur. Elbəy Əli bildirmişdir ki, bu ilin sentyabr ayının 26-30-u arası II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyi nəzərə alınaraq, il ərzində Azərbaycan kitab sənətinin uğurları dünyanın ən nüfuzlu sərgi-yarmarkalarında nümayiş etdiriləcəkdir. London, Moskva, Frankfurt, İstanbul, Minsk və digər şəhərlərdə təşkil olunan ənənəvi sərgilər bu sıradandır.