PDF Oxu

Mədəniyyət

  • 158

"Muğam aləmi" II Beynəlxalq Muğam Festivalı öz işinə başladı

"Muğam aləmi" II Beynəlxalq Muğam Festivalı öz işinə başladı
Dünən Bəstəkarlar İttifaqında "Muğam aləmi" II Beynəlxalq muğam festivalının başlanması ilə əlaqədar mətbuat konfransı keçirildi. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə mart ayının 14-21-dək Bakıda keçiriləcək festivalda dünyanın muğam biliciləri iştirak edəcəklər.
Mətbuat konfransını giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə I Beynəlxalq Muğam Festivalını xatırlayaraq onun böyük əks-səda doğurduğunu diqqətə çatdırdı. İkinci festivalla bağlı məlumat verən Firəngiz xanım 8 günlük festival çərçivəsində hər gün bir neçə tədbir keçiriləcəyini bildirdi.
Konfransda iştirak edən Paris Universitetinin professoru Jan Dürink ilk festival barədə təəssüratlarını bölüşdü. O, Azərbaycan xalqının qonaqpərvərliyini diqqətə çəkdi.
Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva çıxışında festival çərçivəsində "Azərbaycan muğamı və Orta Şərq musiqisi" elmi simpoziumu təşkil olunacaq. Simpozium martın 17-dək Azərbaycan Bəstəkarlar İttifaqında davam edəcəkdir. Burada tanınmış muğam biliciləri ustad dərsləri də keçəcəklər.
Festival iştirakçıları və qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Azərbaycan bəstəkarlarının əsərlərinə tamaşa edəcəklər.
Eyni zamanda festival çərçivəsində qonaqlar üçün Bakının görməli yerlərinə xüsusi ekskursiyalar təşkil olunacaq.
Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi isə festival çərçivəsində keçiriləcək muğam müsabiqəsi barədə məlumat verdi. Onun sözlərinə görə, martın 17-də müsabiqənin püşkatması olacaq, 18-də isə yarışma başlayacaq. Martın 20-də - müsabiqənin son günündə qaliblər müəyyənləşəcək. S.Kərimi müsabiqəyə Azərbaycanla yanaşı, Çin, Hindistan, Özbəkistan, İordaniya, İran, Küveyt, Mərakeş və Türkiyədən də ifaçıların qatılacağını söyləyib. Festival çərçivəsində muğama həsr olunan müzakirələr keçiriləcək, klassik və simfonik muğamlar səsləndiriləcəkdir.
Qeyd edək ki, festivalın açılış mərasimi dünən Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Digər xəbərlər