PDF Oxu

Mədəniyyət

  • 495

"Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir"

"Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir"
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın "Səs" qəzetinə verdiyi məlumata görə yaradıcı kollektiv Mark Kamolletinin "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir" əsərini hazırlayacaq. Onun sözlərinə görə, bu tamaşa teatrın rus bölməsinə yeni təyin olunmuş əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovun yozumunda təqdim ediləcək. Qeyd edək ki, Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışmış, 1990-1996-cı illərdə teatrın baş rejissoru olmuşdur. Moskvada Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında təcrübə keçdikdən sonra Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsinə dəvət edilmişdir. Bu teatrda Viktor Rozovun "Şadlıq sorağında", Nəbi Xəzrinin "Burla xatun", Kamal Abdullanın "Hərdən mənə mələk də deyirlər...", Jan Batist Molyerin "Skapenin kələkləri", A.Kamyunun "Anlaşılmazlıq" və s. əsərlərinə quruluş vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin apardığı islahatlar çərçivəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırlanacaq yeni tamaşanın quruluşçu rejissoru təyin olunan Əsgər Əsgərov artıq bir neçə gündür ki, məşqlərə başlamışdır. Tamaşanın musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, ikinci rejissoru əməkdar artist Boris Qrafkindir. Teatrın rus truppasında təqdim olunacaq tamaşada aparıcı aktyorlar Nərgiz Kərimova, Nadejda Povelisina, Fərid Əliyev, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Svetlana Bulax, İzabella Şves, Marina Litvinenko, Yuliya Heydərova, Firuz Məmmədov, Rauf Babayev və başqaları çıxış edəcəklər.

Digər xəbərlər