PDF Oxu

Mədəniyyət

  • 26

"Elmi əsərlər"in təqdimat mərasimi keçiriləcək

"Elmi əsərlər"in təqdimat mərasimi keçiriləcək
Martın 11-də Bakı Slavyan Universitetində bu ali məktəbin "Elmi əsərlər"inin Almaniyanın Osvald fon Volkenşteyn Cəmiyyəti ilə birgə hazırladığı xüsusi buraxılışın təqdimat mərasimi keçiriləcəkdir. BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, bu nəşr universitetin Osvald fon Volkenşteyn Cəmiyyəti ilə ilk birgə işi deyildir. BSU ilə Almaniyanın Yohannes Quttenberq Universiteti və Osvald fon Volkenşteyn Cəmiyyəti arasında 2008-ci ildən başlayaraq "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı 10 illik layihə həyata keçirilir. Bu xüsusi buraxılış isə filoloji aləmdə yaxşı tanınan alman şərqşünası, türkoloqu və diplomatı Hainrix F. fon Ditsin adı ilə bağlıdır. 1815-ci ildə Dits qədim oğuz dastanı "Kitabi-Dədə Qorqud"un əlyazmasını ilk dəfə üzə çıxarmışdır. Elə həmin il fon Dits "Təpəgöz" boyunu alman dilinə tərcümə etməklə yanaşı, bu möhtəşəm dastan haqqında, onun digər dastanlarla, qədim yunan mifləri ilə əlaqəsi barədə müfəssəl tədqiqatını nəşr etdirmişdir. Bu, Avropa oxucusunun "Kitabi-Dədə Qorqud" dastanları ilə ilk tanışlığı idi. Beləliklə, o vaxtdan fon Ditsin adı nəinki alman türkoloji məktəbinin, həm də Azərbaycan filologiyasının unudulmaz simalarından birinə çevrilmişdir. Beş ildən sonra bu möhtəşəm filoloji hadisənin 200 ili tamam olur. Sonralar "Kitabi-Dədə Qorqud" dastanlarını dil, ədəbiyyat və mədəniyyətşünaslıq obyekti kimi öyrənən bir çox dünya şöhrətli türkoloqlar fəaliyyət göstərmişlər. Alman, italyan, rus, holland, ingilis, macar, fransız alimləri bu dastanın dəyərini zaman-zaman qeyd etmişlər. Qorqudşünaslığın tədqiqi bir istiqamət kimi 1815-ci ildə fon Ditsin kiçik bir kitabının nəşri ilə başlamışdır. Həmin nəşrin işıq üzü görməsindən 195 il ötür və bu münasibətlə buraxılan "Elmi əsərlər"in xüsusi buraxılışının bugünkü qloballaşan dövrümüz üçün digər bir əhəmiyyəti də mədəniyyətlərarası dialoqa xidmət etməsidir. Xüsusi buraxılışda BSU və Azərbaycanın digər ali məktəb alimlərinin əsərləri ilə yanaşı, Almaniyanın Vürtsburq, Yohannes Quttenberq, Frankfurt, Drezden, Sakson universitetlərindən görkəmli ədəbiyyat və dil mütəxəssislərinin məqalələri dərc olunmuşdur. Həmçinin, buraxılışda "Kitabi-Dədə Qorqud" dastanı barədə görkəmli ədəbiyyatşünasların filologiyamızda artıq klassik tədqiqatlar sayılan araşdırmaları yer almışdır. "Elmi əsərlər"in xüsusi buraxılışı məhz Hainrix F. fon Ditsin xatirəsinə həsr edilmişdir.

Digər xəbərlər