PDF Oxu

Mədəniyyət

  • 96

Müstəqilliyimizin iyirminci ildönümü təntənəli surətdə qeyd ediləcək

Müstəqilliyimizin iyirminci ildönümü təntənəli surətdə qeyd ediləcək
2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın böyük oğlu Heydər Əliyev strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı. Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yeniləşən mədəniyyət ocaqları, muzeylər və parklardır. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsil mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. 2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı Meydanının açılışı olmuş və dünyanın ən yüksək bayrağı ucaldılıb. Bu meydan Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun rəmzinə çevrilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncam imzalayıb. Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması və bu Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planını təsdiq etmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş xüsusi loqotipin tərtibi və foto-albomun hazırlanması, irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşməsi, Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası, Ümumrespublika Daxili Turizm və X Beynəlxalq Turizm sərgiləri, UNİMA-nın iştirakı ilə beynəlxalq kukla teatrları, gənc ifaçıların caz və ikinci beynəlxalq muğam festivalları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Kulturoloqların Beynəlxalq Bakı Forumu, "Xalçaçılıq və bərpa işi" mövzusunda beynəlxalq konfrans, xalq rəssamı Tahir Salahovun əsərlərinə toxunulmuş xalçalrın sərgisi, dəyirmi masaların və konsertlərin təşkili, müxtəlif ölkələrdə "Azərbaycan Günü"nün keçirilməsi kimi layihlərinin hamısı bu proqramın tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində, həmçinin, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılması məqsədilə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə respublika müsabiqəsi, uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi, uşaq xor kollektivlərinin respublika müsabiqəsi və "Müstəqil Azərbaycanım" mövzusunda uşaq incəsənət və rəssamlıq məktəbləri şagirdlərinin rəsm əsərlərindən ibarət respublika müsabiqəsinin keçirilməsi də nəzərdə tutulmuşdur.

Digər xəbərlər