Abdulla Şaiqin 130 illik yubileyi qeyd olunacaq
Martın 9-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Gənc Tamaşaçılar Teatrında Azərbaycanın qüdrətli ədibi, görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçiriləcək.
Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, mərasimdə mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Azərbaycan Yazıçılar Birliyinin məsul şəxsləri, Azərbaycan elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, ali məktəblərin professor və müəllim heyəti, tələbələr, şagirdlər, bir sözlə, bütün Şaiqsevərlər toplaşacaq. O cümlədən, tədbirə respublikanın mədəni-ictimai mühitinin müxtəlif sahələrində çalışan tanınmış ziyalılar qonaq qismində dəvət olunmuşlar. Media nümayəndələri tədbirin bütün gedişatını işıqlandıracaq.
Yubiley tədbirini giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açacaq. Görkəmli ədibin şəxsiyyəti, həyat və yaradıcılığı, bədii və elmi irsi haqqında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar danışacaq. Mərasimdə, həmçinin, yubiley münasibəti ilə nəşr olunan "Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011" kitabı təqdim olunacaq.
Mərasimdə ədibin müxtəlif janrlı əsərləri, şeirlərinə yazılmış musiqi nümunələri təqdim olunacaq. Tanınmış bəstəkar Səid Rüstəmovun "Nüşabə" pyesinə yazdığı musiqidən "Sevirəm səni" (ifaçı Azərbaycan Dövlət Filarmoniyasının solisti Xuraman Talıbzadə), Ə.Abasovun "Oxu bülbül" (ifaçı Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlan Əzizbəyli), Zeynəb İsmayılzadənin "Yad et" (ifaçı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Tural Ağasiyev) mahnıları, Muğam Teatrının solistlərinin ifasında ədibin qəzəlləri üstündə muğamlar, görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun rəhbərliyi ilə uşaq filarmoniyasının "Aysel" teatrının ifasında uşaq mahnıları səslənəcək. Eyni zamanda, Gənc Tamaşaçılar Teatrının hazırladığı "Qaraca qız" tamaşasından, Dövlət Dram Teatrının ifasında "Eloğlu" dramından səhnələr göstəriləcək. Abdulla Şaiqin uzun müddət qadağan olunmuş türkçülük, repressiya dövrü yaradıcılığına müraciət edilərək, vətənpərvərlik mövzulu və lirik şeirləri ifa ediləcək.
Tədbirin keçirilməsində məqsəd milli bədii fikir tarixində özünəməxsus yeri olan, qüdrətli ədibimiz, Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha yad etmək, yaradıcılığını təbliğ etmək, bu yöndə fəaliyyət göstərən mənzil-muzeyinin işini təqdim etməkdir.