"Müstəqil Azərbaycanım" adlı müsabiqə-sərgi keçiriləcək
Uşaq incəsənət və rəssamlıq məktəbləri şagirdlərinin rəsm və əl işlərindən ibarət "Müstəqil Azərbaycanım" adlı müsabiqə-sərginin əsasnaməsi Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd olunması, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılmasından ibarətdir. Şərtlərə əsasən, müsabiqə rəsm işi və əl işi nominasiyalarında olmaqla iki yaş qrupu üzrə keçirilir: 7-13 yaş və 14-16 yaş arasında.
Müsabiqə iki mərhələdə keçirilir: məktəbdaxili mərhələ və yekun mərhələ. Rəsm və əl işlərinin mövzusu - ölkəmizin təbiəti, milli-mənəvi sərvətləri, tarixi və mədəni abidələri, tarixi hadisələri, xalqımızın milli adət-ənənələri ola bilər. Hər yaş qrupu üzrə ayrılıqda müsabiqə qaliblərinə və fərqlənənlərə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dərəcələr üzrə diplomları, fəxri fərmanları, qiymətli hədiyyələri və ya pul mükafatları, habelə, sərgiyə buraxılmış işlərin müəlliflərinə rəsm və əl işlərini özündə əks etdirən kataloq təqdim ediləcəkdir. Qaliblərin mükafatlandırılması və yekun mərhələnin sərgisi 2011-ci ilin iyun ayında Bakı şəhərində keçiriləcəkdir.