"Teleskop" tragikomediyası əsasında yeni tamaşanın məşqləri başlanılıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyası əsasında yeni tamaşanın məşqləri başlanılıb. ADAMDT-nin mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Finlandiyada yaşayan həmvətənimiz Kamran Şahmərdandır.
K.Şahmərdan 1972-ci ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarında rejissor Gülbəniz Əzimzadənin "Qaladan tapılan mücrü" filmində baş rolu ifa etmişdir. Daha sonra bir sıra ekran əsərlərində çəkilmişdir. Stokholm İncəsənət Akademiyasını bitirmiş, Sankt-Peterburqda kukla teatrı rejissurası üzrə ikiillik kurs keçmişdir. UNİMA - Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvüdür. 1994-cü ildə AzTV-də çalışmış, burada S.Bekketin "Oyun" əsəri əsasında teletamaşa hazırlamışdır.
Azərbaycanlı rejissor 1999-cu ildən Finlandiyada yaşayır və fəaliyyətini davam etdirir. 2003-cü ildə Finlandiyanın İmatra şəhərində sinkretik Qara və Ağ Teatrını yaratmışdır. Bu teatrda "Balaca şahzadə", "Kamenqonun nəğməsi", "Qağayı", "Cənnət", "Klassik futbol", "Şirlər və əjdahalar", "Səhrada qadın", "Qara və ağ" tamaşalarına quruluş vermişdir.
Kamran Şahmərdan Bakının müxtəlif teatrları ilə əməkdaşlıq edir. O, "Yuğ" Dövlət Teatrında Kobe Abenin "Səhrada qadın", İbrus Teatrında Jan Koktonun "Tənha səs", Rus Dram Teatrında Jan Anuyun "Torağay" və Elçinin "Cəhənnəm kirayənişinləri", Kukla Teatrında "Qara və ağ" tamaşalarını səhnələşdirmişdir.
Kamran Şahmərdan Finlandiyada 2004-cü ildən etibarən hər il keçirilən Cənubi Kareliya Beynəlxalq Qara və Ağ Teatr Festivalının təşkilatçısı və bədii rəhbəridir.
"Teleskop" tamaşasına tərtibat vermək üçün məşhur səhnəqraf Eduard Koçergin dəvət olunmuşdur. Çox maraqlı həyat tarixçəsi olan Eduard Koçergin Rusiyanın xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatları laureatıdır. Tamaşanın geyim üzrə rəssamı Eduard Koçerginin həyat yoldaşı Anna Koçerginadır.