PDF Oxu

Mədəniyyət

  • 36

Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində

Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində" mövzusunda növbəti təlim-seminar təşkil olunub.
Seminarda muzeyin şöbə müdiri Aygün Abbasova təlim-seminarın məqsəd və vəzifələri barədə məlumat verib. Bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyi ilə birlikdə hazırlanmış "Azərbaycan xalçaçılıq ənənələri və bədii sənət sahələrinin saxlanılması və təbliği məqsədi ilə muzey təhsili proqramlarının inkişafı" layihəsinə əsasən təşkil edilib.
Təlim-seminarın əsas məqsədi Azərbaycanın milli-mədəni irsinin təbliğinə təkan vermək və məktəbliləri muzeylərlə tanışlığa cəlb etmək, xalça sənətinin tarixi haqqında onlarda aydın fikir formalaşdırmağa nail olmaqdır.
Qeyd olunub ki, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi milli xalçalarımızın tarixini tədqiq edən, yaşadan və gələcək nəsillərə ötürən bir məbəddir. Azərbaycan xalçasının dünyada layiqli surətdə tanıtdırılması istiqamətində uzun illər gərgin işlər aparılmışdır və bu istiqamətdə tədbirlər bu gün də davam etdirilir. Muzey YUNESKO ilə bir neçə irimiqyaslı layihələr işləmiş, nəşrlər hazırlamışdır. Bu əməkdaşlığın ən böyük uğurlu nəticəsi olaraq Azərbaycan xalçaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Təlimdə 15-dən çox şəhər və rayonu təmsil edən tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak ediblər. Onlar hazırda təmsil etdikləri muzeylərdə görülən işlər və məktəblilərin muzeyə cəlb olunması istiqamətində atdıqları addımlardan danışıblar.

Digər xəbərlər