İlhamə Qasımova 5 finalçı arasında yarışın favoritidir
Azərbaycanın "Eurovision" müsabiqəsi üzrə aparıcısı və şərhçisi Hüsniyyə Məhərrəmova Maltanın müsabiqədəki təmsilçisinin seçimində iştirak edəcək. Azərbaycanlı teleaparıcı Maltanın Avropa Yayım Birliyinin (EBU) üzvü, eləcə də, müsabiqə üzrə rəsmi yayımçısı "PBS" İctimai Yayım Birliyinin dəvəti ilə bu ölkənin 56-cı "Eurovision" təmsilçisinin seçilməsi üçün münsiflər heyətinə dəvət olunub.
H.Məhərrəmova açıqlamasında bildirib ki, bu məqsədlə o, fevralın 10-da Maltaya səfər edəcək: "Fevralın 11-də bu ölkədə yarımfinal, 12-də isə final keçiriləcək. Onlarda təmsilçinin seçilməsi fərqli təşkil olunur. 24 finalçı mübarizə aparacaq. Həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə fevralın 11-də keçiriləcək yarımfinaldan müəyyən qədər finalçı seçiləcək və ayın 12-də bu şəxslər finalda yenə həmin mahnıları ifa edəcəklər, sonra da qalib seçiləcək".
Azərbaycanın ilk dəfədir başqa bir ölkənin təmsilçisinin seçilməsində iştiraka dəvət edildiyini diqqətə çatdıran H. Məhərrəmova bundan çox şad olduğunu deyib: "Bu, ilk dəfədir və mənim bəxtimə düşüb. Fevralın 11-də burada olmayacağam və milli finalda iştirak etməyəcəyəm. İlk dəfə milli finalı mən aparmayacağam. Lakin məyus olmağa dəyməz, çünki mən Maltada Azərbaycanı təmsil edəcəyəm, bu da olduqca qürurvericidir. Amma finalı mütləq izləyəcəyəm". H.Məhərrəmova bəyan edib ki, Azərbaycanda 5 finalçı arasında yarışın favoriti İlhamə Qasımovadır.
Qeyd edim ki, "Eurovision-2011" mahnı müsabiqəsinin milli final konsertində iştirak edəcək əcnəbi sənətçilər Bakıya gəlir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəvətlisi olan Gürcüstanın "Eurovision-2010"dakı təmsilçisi Sofo Nijaradze artıq Bakıdadır. Gürcü müğənni fevralın 11-də keçiriləcək final şousunda öz çıxışı ilə bizim finalçılara dəstək olacaq. Proqrama dəvət olunan digər qonaqlar - İsveçrə və San Marinonun "Eurovision-2011"dəki təmsilçiləri Anna Rossinelli və Senitin Bakıya gələcəyi gözlənilir..