Beynəlxalq simpozium keçiriləcək
Cari il martın 23-dən 26-dək Türkiyənin Kütahya şəhərində bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Övliya Çələbi anadan olmasının 400-cü ilində" mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir.
Simpoziumun məqsədi bu tədbir vasitəsilə dünyada məşhur olan türk səyyahı, coğrafiyaşünası, tarixçisi, etnoqrafı və şairinin xatirəsini yaşayıb yaratdığı şəhərdə anmaqdır.
YUNESKO tərəfindən Türkiyədə 2011-ci il "Övliya Çələbi ili" elan edildiyindən tədbirin bu çərçivədə təşkil olunduğu bildirilir.
Simpoziumda Azərbaycan, Fransa, İngiltərə, Bosniya və Herseqovina, Şimali Kipr, Misir, Livan və Türkiyənin 25 universitetindən 40-dan çox alim iştirak edəcəkdir.
Tədbirdə, həmçinin, məşhur səyyahın həyat və fəaliyyətindən bəhs edən filmin təqdimatı da olacaqdır. Xatırladaq ki, "Kitabi Dədə Qorqud"un tarixini, o cümlədən, tarixi coğrafiyasını, onomastik sistemini öyrənməkdə ən mühüm qaynaqlardan biri Övliya Çələbinin "Səyahətnamə" kitabı olmuşdur.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fəaliyyət göstərməyə başlayıb.
İçərişəhər ərazisində yerləşən abidələrdə və tarixi binalarda bərpa və konsevrasiya işləri həyata keçirilir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən verilən xəbərə görə, görülən işlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a əsasən həyata keçirilir.
Artıq Tarix-Memarlıq Qoruğu İdarəsi A.Zeynallı küçəsi, 20 ünvanında yerləşən və 1890-cı ildə inşa olunmuş tarixi binada təmir-bərpa işlərini başa çatdırmışdır. Binanın fasadı müasir texnologiyaların köməyi ilə bərpa edilərək, tarixi görkəmi özünə qaytarılmış və tikili möhkəmləndirilmişdir. Binanın daxili yüksək standartlara uyğun olaraq təmir olunmuş və burada Ümummilli Lider Heydər Əliyevin həyat yolunu əks etdirən guşə yaradılmış, həmçinin, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev, Böyükağa Mirzəzadə kimi məşhur fırça ustalarımızın İçərişəhəri özündə əks etdirən rəsmləri ilə bəzədilmişdir. Simsiz internetlə təmin olunmuş binada işçilər üçün hər cür şərait yaradılmışdır.
Əvvəllər yaşayış binası olmuş, daha sonra "Azərbərpa" Elmi- Tədqiqat İnstitutunun yerləşdiyi binada Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bərpadan sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fəaliyyət göstərməyə başlamışdır.