PDF Oxu

Mədəniyyət

  • 63

"Yeddi gözəl" baletinin tamaşası təqdim olunacaq

"Yeddi gözəl" baletinin tamaşası təqdim olunacaq
Fevralın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası təqdim olunacaq. Həmin tamaşada Bəhram şah rolunu Böyük Teatrın aparıcı solisti - balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Sankt-Peterburqun "Qızıl sofit" ali teatr mükafatının qalibi Mixail Lobuxin ifa edəcəkdir.
Rus baletinin tanınmış ulduzlarından olan M.Lobuxinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən "Yeddi gözəl" baletinin tamaşasında iştirak etmək üçün dəvət olunması, bütünlükdə, tamaşanın və əsas partiyalardan biri olan Bəhram şah rolunun bədii-professional səviyyəsini daha da yüksəltmək zərurətindən irəli gəlirdi. Qeyd etmək lazımdır ki, tamaşaların bədii-yaradıcı səviyyəsini gücləndirmək üçün bu təcrübədən dünyanın bir çox aparıcı teatrları istifadə edirlər.
Mixail Lobuxin ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun "Don Kixot" baletinin tamaşasında çıxış etmiş və öz yüksək professional çıxışı ilə tamaşaçıların yaddaşında parlaq və unudulmaz iz buraxmışdı. Lobuxin gözəl xarici görkəmə, faktura və artistizmə, balet texnikasına və inanılmaz yüksək tullanışa malikdir. Bütün bu göstəricilər, həmçinin, əsil kişiyə məxsus qəddi-qaməti və xarici görkəmi onu Bəhram şah roluna dəvət etməyə əsas verdi.
M.Lobuxin Bəhram şah rolunu həm də fevralın 21-də balet truppamızın Böyük Teatrın səhnəsindəki çıxışı zamanı da ifa edəcəkdir.
Tanınmış rusiyalı xoreoqraf, Q.Qarayevin "Yeddi gözəl" baletinin quruluşçu baletmeysteri Vasili Medvedev bu haqda fikirlərini bölüşərək deyir: "Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin M.Lobuxinin "Yeddi gözəl" baletində iştirak etmək üçün dəvət olunması ilə bağlı qərarını bəyənir və alqışlayıram. Çünki o dünya səviyyəsində parlaq bir balet ulduzudur və Lobuxinin iştirakı tamaşanın professional səviyyəsini daha da zənginləşdirəcəkdir. Tamaşada Gözəllər Gözəli rolunu ifa edəcək Azərbaycanın əməkdar artisti Kamilla Hüseynova ilə Mixail Lobuxin cütlüyünün birgə çıxışı çox maraqlı və gözəl alınacaqdır. Məlumdur ki, parlaq və istedadlı şəxsiyyətlərin iştirakı tamaşanın uğurunu təmin edən əsas cəhətlərdəndir və mən Kamilla Hüseynova və Mixail Lobuxini bu sıraya aid edirəm".

Digər xəbərlər