"Çveni ezo" verilişində milli azlıqların folkloru mövzusu ətrafında müzakirələr aparılıb
Gürcüstanın 1-ci ictimai telekanalının "Çveni ezo" verilişində bu ölkədə yaşayan milli azlıqların folkloru, onun problemləri və inkişafı mövzusu ətrafında müzakirələr aparılmışdır.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, veriliş çərçivəsində Folklor İnstitutunun direktoru Giorgi Uşukişvili, Təhsil Nazirliyinin regional proqram departamentinin bölgə üzrə koordinatoru Nikolos Cibuti və Gürcüstanın Folklor Muzeyinin nümayəndəsi Ketevan Baianişvili ilə görüş keçirilmişdir. Görüşə Gürcüstanda fəaliyyət göstərən milli azlıqlara məxsus folklor rəqs qruplarının bədii rəhbərləri dəvət olunmuşdular.
Proqramda iştirak edən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdindəki "Sarvan" rəqs qrupunun bədii rəhbəri Cəmilə Məmmədova təmsil etdiyi mədəniyyət müəssisəsinin fəaliyyətindən və qarşılaşdığı problemlərdən söhbət açmışdır. O bildirmişdir ki, "Sarvan" folklor rəqs qrupu indiyədək Gürcüstanda keçirilmiş bir çox festivallarda, müsabiqələrdə, eləcə də, dövlət bayramlarında iştirak etmiş, yüksək nailiyyətlər qazanmış, hətta qızıl medala və "Qran-pri" mükafatına layiq görülmüşdür. Bu işlərdə bizə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yaxından kömək göstərmişlər. Bizim uşaqlarımız vətənpərvər ruhda böyüyürlər və milli rəqslərimizlə yanaşı, gürcü xalq rəqslərini də böyük həvəslə ifa edirlər. Bu, həm də azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasından xəbər verir. Lakin ifa etdiyimiz gürcü xalq rəqslərinə uyğun geyim əldə etməkdə çətinliklərlə üzləşirik. Bu səbəbdən Gürcüstanın mədəniyyət, turizm və idman naziri Nikoloz Ruruaya müraciət etsək də, təəssüf ki, hələlik, müsbət cavab almamışıq.
C.Məmmədova görüşdə digər problemlərdən biri kimi bölgədə professional xoreoqrafların olmamasını qabartmışdır.
Proqram başa çatdıqdan sonra "Sarvan" folklor rəqs qrupunun bədii rəhbəri iştirakçılarla yaxından tanış olmuş, onlarla bir neçə məsələ ətrafında fikir mübadiləsi aparmışdır. Onların arasında Gürcüstanın Folklor Muzeyinin nümayəndəsi də olmuşdur. C.Məmmədova muzeydə Azərbaycan xalqının folklor nümunələrinin mövcud olub-olmaması ilə maraqlanmışdır. "Sarvan" folklor rəqs qrupunun bədii rəhbəri demişdir ki, dünyaya inteqrasiya əsasən mədəniyyətlərarası dialoq vasitəsilə həyata keçirilir. Gürcüstanın bu prosesdə fəal iştirakı yalnız dövlətin daxilində titullu xalqın milli azlıqlarla əlaqəsi və mədəni mübadiləsi yolu da reallaşa bilər. Düşünürəm ki, bugünkü görüşümüz artıq buna zəmanət verir.