PDF Oxu

Mədəniyyət

  • 27

"Arşın mal alan" tamaşası təqdim olundu

"Arşın mal alan" tamaşası təqdim olundu
"İbrus" Teatrının səhnəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə "Tərlan Qorçu Marionet Teatrı" tərəfindən Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında hazırlanmış "Arşın mal alan" tamaşası təqdim olundu. Bu dəfə 98 yaşlı "Arşın mal alan" komediyasının qəhrəmanlarını marionet kuklalar canlandırıblar. Tamaşanın nümayişindən əvvəl çıxış edən rejissor Tərlan Qorçu bildirib ki, əsər tamaşaçıları tamamilə fərqli tərzdə bir anlıq XX əsrin əvvəllərinin Bakısına qaytaracaq, dövrün ab-havasını hiss etdirəcəkdir. Tam həcmdə təqdim ediləcək tamaşaya daxil olan ariyalar Xuraman Qasımova (Gülçöhrə), İlqar Muradov (Əsgər) kimi məşhur müğənnilər tərəfindən səsləndirilir. İçərişəhərin simalarının da yer aldığı bu maraqlı tamaşa həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuşdur. Rejissor onu da bildirdi ki, onun rəhbərlik etdiyi kollektiv "Arşın mal alan" tamaşası ilə Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya və İsveçrə kimi ölkələrdə qastrol səfərlərində olmuşdur. Bu klassik əsər əcnəbi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə "Tərlan Qorçu Marionet Teatrı"nın əməkdaşlığı çərçivəsində reallaşan layihəyə əsasən, tamaşa fevralın 10-dək hər gün nümayiş etdiriləcəkdir. Sonra tamaşa nümayiş etdirildi. Teatrsevərlər marionet teatrının ifasında səhnə əsərini böyük maraqla qarşıladılar.

Digər xəbərlər