PDF Oxu

Mədəniyyət

  • 54

“Arxeologiya və Etnoqrafiya Muzeyi” zənginləşir

“Arxeologiya və Etnoqrafiya Muzeyi” zənginləşir
AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən "Arxeologiya və Etnoqrafiya Muzeyi" gündən-günə maraqlı eksponatlarla zənginləşir və regionda ən çox ziyarət olunan yerlərdən birinə çevrilir. Muzeydə nümayiş olunan müxtəlif təsvirli iri küplər, tunc baltalar, üzərində mixi yazılar olan keramika nümunələri, tunc baltalar tökmək üçün daş qəliblər və s. Naxçıvanın qədim sakinlərinin həyat tərzi və məşğuliyyətilə bağlı geniş məlumat verməyə imkan yaradır. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, arxeoloji tapıntılar e.ə V minillikdə Naxçıvanda təsviri sənətin, keramika istehsalının və metallurgiyanın yüksək inkişaf səviyyəsində olduğunu göstərir. Sirab ətrafında aşkar olunan enolit dövrünə aid keramika məmulatının nümayiş etdirildiyi hissə isə Naxçıvanda köçmə maldarlığın enolit dövründən başladığını deməyə tam əsas verir. Ümumiyyətlə, AMEA Naxçıvan Bölməsinin "Arxeologiya və Etnoqrafiya Muzeyi" ekspozisiyasında olan eksponatlar Naxçıvanın qədim mədəniyyətlərin beşiyi olduğunu söyləməyə əsas verir. Qeyd edək ki, bölmənin "Arxeologiya və Etnoqrafiya Muzeyi"nə beş minə yaxın eksponat daxil olub. Bu eksponatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 6 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında muxtar respublika ərazisində olan qədim abidələrin tədqiqi zamanı əldə edilən maddi-mədəniyyət nümunələridir. Muzeydə 2006-2010-cu illərdə Naxçıvanın müxtəlif ərazilərindən, o cümlədən, Oğlanqala, Ovçulartəpəsi, Meydantəpə, Xaraba Gilan, Şahtaxtı, Sədərək, Maxta Kültəpəsi, Duz Dağ kimi qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri toplanılıb.

Digər xəbərlər