PDF Oxu

Mədəniyyət

  • 29

Əbülfəz Bahadurinin əsərlərindən ibarət sərgi açılıb

Əbülfəz Bahadurinin əsərlərindən ibarət sərgi açılıb
ABŞ paytaxtının mərkəzi "Edison Place Gallery" salonunda ABŞ-da yaşayan Azərbaycan mənşəli rəssam Əbülfəz Bahadurinin əsərlərindən ibarət sərgi açılıb. "Bölünmüş rənglər: Odlar Yurdundan abstrakt mənzərələr" adlı sərgi ABŞ-ın "Qarabağ" Fondunun dəstəyi ilə təşkil edilib. Sərginin açılış mərasiminə toplaşan çoxsaylı amerikalı sənətsevərlərin mühakiməsinə rəssamın yağlı boya ilə işlənən 60-a yaxın əsəri təqdim olunub. Əbülfəz Bahaduri bildirib ki, əsərlərində canlandırdığı rəngləri anadan olduğu doğma Təbrizdə minbir çalarlı xalçalardan beyninə köçürüb. O, bildirib ki, onun babası Türkmənçay müqaviləsindən sonra Qarabağdan İrana köçüb. Ailəsi Təbrizdə yaşasa da, Qarabağın füsunkar gözəlliyi, zəngin mədəniyyəti, adət-ənənələri barədə evdə həmişə danışılardı. Onun sözlərinə görə, əsərləri Vətənin bölünmüş rənglərinin xəyalında canlanmasının əksidir. "Xarı bülbül", "Azərbaycanlı çayçı", "Bakı dalanı", "Urmiyada üzümlük", "Xəzər sahili" və "Nar ağacı" kimi əsərlərdə Azərbaycan mədəniyyəti ilə ilk dəfə tanış olan bir çox amerikalı həm Şərq, həm də Qərb elementlərinin vəhdətinin şahidi olublar. İsti və açıq rənglər biri-birinə qarışaraq dünyanın o biri tayından Qarabağın səfalı çöllərini, Təbriz bazarlarının çeşidli xalçalarını, Bakının küləkli küçələrini Vaşinqton tamaşaçılarının gözləri qarşısında canlandırıb. Sərginin təntənəli açılış mərasimində çıxış edən "Qarabağ" Fondunun direktoru Diana Altman təşkilatın 2010-cu ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim etmiş, amerikalı sənətsevərləri növbəti 2011-ci ildə fondun təşkil edəcəyi Azərbaycan mədəniyyətini işıqlandıracaq digər sərgi və konsertlərə dəvət etmişdir.

Digər xəbərlər