Almaniyanın Kiel Universiteti AMEA Geologiya İnstitutu ilə əməkdaşlıq edəcək
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, Almaniyanın Kiel Universiteti AMEA Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə universitetin sualtı geologiya üzrə alimləri Varner Brukman və Corq Bialas Geologiya İnstitutunda olmuşlar. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə qonaqları qəbul edərək, onlara institutun elmi nailiyyətləri, potensialı və xarici əlaqələrindən bəhs etmişdir.
Sonra, alman alimləri geniş auditoriya qarşısında sualtı palçıq vulkanları mövzusunda məruzə ilə çıxış etmişlər. Onlar Nil çayının Misirin şimalında yerləşən deltasındakı palçıq vulkanlarından danışmış, Kiel Universiteti tərəfindən bu geoloji abidələrlə bağlı aparılmış tədqiqatlar, əldə edilmiş nəticələr və təcrübə barədə məlumat vermişlər.
Daha sonra, Geologiya İnstitutunun alimləri Adil Əliyev, Dadaş Hüseynov və Çingiz Əliyev Azərbaycanın quru ərazilərindəki palçıq vulkanları ilə bağlı aparmış olduqları tədqiqatlardan və institutun bu sahədə çoxillik təcrübəsindən bəhs etmişlər. Qonaqlar üçün palçıq vulkanına səyahət təşkil olunmuşdur.
Görüş və məlumat mübadiləsi hər iki tərəfin böyük marağına səbəb olmuş və əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir.