PDF Oxu

Mədəniyyət

  • 258

AMEA Folklor İnstitutunun 2010-cu ildəki uğurları

AMEA Folklor İnstitutunun 2010-cu ildəki uğurları
İldən-ilə öz nüfuz dairəsini genişləndirən AMEA Folklor İnstitutu 2010-cu ili də uğurla başa vurmuşdur. İnstitutun əməkdşı Əli Şamilin verdiyi məlumata görə, AMEA Folklor İnstitutu türk xalqlarının bugünkü qloballaşma prosesində milli-mənəvi dəyərlərinin qorunması, ortaq mədəniyyətə malik millətlərin əsrlər boyu yaratdığı dəyərlərin tarixdən bu günə daşınması problemi ətrafında elmi fikir mübadiləsini təşkil etmək və gələcək ortaqlaşma prosesinin mənəvi-mədəni dayaqlarını yaratmaq məqsədilə Quzey Kıprıs Türk Cumhuriyyətinin Doğu Akdeniz Universiteti ilə birlikdə "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Uluslararası Folklor Konfransını keçirimişdir. Konfransın əsas qayəsini də dünyanın müxtəlif bölgələrinə səpələnmiş türk xalqları arasında elmi, tarixi, mənəvi-mədəni inteqrasiyanı genişləndirmək, türk dünyasının türkoloq və folklorşünas alimləri arasında elmi fikir mübadilələrini həyata keçirmək, türk folklorşünaslığının və türkologiyanın ortaq problemlərinin çözüm yollarını birlikdə aranması təşkil etmişdir.
Tədbirə respublikamızın və xarici ölkələrin elmi qurumlarını təmsil edən 150-yə yaxın nümayəndə qatılmışdır. Hər il olduğu kimi, bu il də konfransda respublikanın qabaqcıl elm və tədris müəssisələrinin mütəxəssisləri iştirak etmişlər. Konfransda iştirak edən qonaqlar Türkiyə, QKTC, İran İslam Respublikası, Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Gürcüstan və digər ölkələrin elmi-mədəni qurumlarının təmsilçiləri olmuşlar.
Konfransın Təşkilat Komitəsi və iştirakçılar tədbirin türk xalqlarının elmi və mədəni inteqrasiyasında əhəmiyyətini və rolunu yüksək dəyərləndirərək, onun Qazimaqosada (Quzey Kıbrısda) təşkil edilməsinə qərar vermişlər.
Müstəqil Azərbaycan Respublikasının dünya mədəni və elmi həyatına inteqrasiyası istiqamətində Uluslararası Folklor Konfransı ötən ilin ən iri tədbirlərindən biri olmuş və onun təşkili, keçirilmə keyfiyyəti, mədəni proqramları və s. baxımından yüksək səviyyədə keçirilmişdir.
Bununla yanaşı, institutun əməkdaşlarının elmi fəaliyyəti yalnız respublikamızda deyil, xarici ölkələrdə də uğurla davam etdirilmişdir. Azərbaycan folklor nümunələrini əks etdirən kitablar xarici dövlətlərdə çap olunmuş, beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, eyni zamanda, müxtəlif səpkili mükafatlara və adlara layiq görülmüşdülər.

Digər xəbərlər