"Göyçək Fatma" tamaşası təqdim olunacaq
Fevralın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında kiçik yaşlılar üçün "Göyçək Fatma" tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, yaradıcı kollektiv yeni ilin ilk premyerasına hazırlıq işlərini başa çatdırmaq üzrədir.
Sənətsevərləri daim maraqlı səhnə əsərləri ilə sevindirən teatr bu dəfə Azərbaycan xalq nağılı "Göyçək Fatma" əsasında səhnələşdirdiyi eyniadlı tamaşanı təqdim edəcək.
İki hissəli sehrli nağıl janrında hazırlanan "Göyçək Fatma" tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor və xoreoqrafı Nicat Kazımovdur. Tamaşanın musiqi tərtibatı Cahangir Zülfüqarova məxsusdur.
Tamaşada əsas rolları əməkdar artistlər Seyidşah Məmmədov, Nübar Novruzova, Kübra Dadaşova, Naibə Allahverdiyeva, Qəmər Məmmədova, Lətifə Əliyeva, aktyorlar Sərvər Əliyev, Almaz Mustafayeva, Təhminə Məmmədova, Xalidə Əliməmmədova, Zülfiyyə Alhüseynova, Şəbnəm Hüseynova və başqaları ifa edəcəklər.