“Sehrbazlar dərəsi” kitabının təqdimatı olub
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullanın Sankt-Peterburqun nüfuzlu "Zlatoust" nəşriyyatında rus dilində çapdan çıxmış "Sehrbazlar dərəsi" kitabının təqdimatı olub.
AYB-nin sədri, xalq yazıçısı Anar, "Zlatoust" nəşriyyatının təsisçisi Stanislav Qolubev, nəşriyyatın baş direktoru Anna Qolubeva, BSU-nun kafedra müdiri, professor Məmməd Qocayev, tərcüməçi Azər Mustafazadə və başqaları mərasimdə çıxış edərək, K.Abdullanın özünəməxsus yaradıcılığından, onun oxucuların bədii zövqünün formalaşması istiqamətində gördüyü əvəzsiz işlərdən danışıblar.
Tədbirdə vurğulanıb ki, o, istər elmi, istərsə də, bədii əsərlərində daim öz yeni sözü, obrazı, tapıntısı ilə oxucusunun görüşünə gəlmişdir. Ədibin "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" romanları, "Unutmağa kimsə yox", "Ruh", "Bir, iki, bizimki" pyesləri və çoxsaylı hekayələri öz orijinallığı, yeni üslubu ilə daim diqqəti cəlb edib.
Bu gün rus dilində nəşrinin təqdimat mərasimi keçirilən "Sehrbazlar dərəsi" romanı hələ 2008-ci ildə Türkiyədə "Avropa Yakası Yayınları" nəşriyyat evində türk dilində nəşr edilmiş və qardaş ölkə oxucularının böyük rəğbətini qazandığı bildirilib.
Diqqətə çatdırılıb ki, yazıçının bu romanı fəlsəfi pritça janrında qələmə alınmışdır və əsərdə sakinləri, məkanı və zamanı idarə etməyə qadir olan Sehrbazlar Dərəsi və bu dərədə baş verən fövqəladə hadisələr haqqında söz açılır. Qeyd edim ki, əsərin tərcüməçisi və ön sözün müəllifi Lyudmila Lavrovadır.
Məşhur "Yarımçıq əlyazma" kimi "Sehrbazlar dərəsi" romanının da rus oxucusunun maraqla mütaliə etdiyi əsərlərin sırasına daxil olacağı əminliklə vrğulanıb.