Mənsum İbrahimovun yeni albomu hazırlanır
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun yeni albomu hazırlanır. "Yana-yana kül oldum" adlı alboma xanəndənin 10 sevilən mahnısı daxil edilib.
Albom barədə məlumat verən Mənsum İbrahimov bildirib ki, hazırda toplunun dizaynı üzərində iş aparılır. Albom fevralda işıq üzü görəcək: "Albomda mənim ifamda sevilən 10 mahnı, eləcə də, "Qarabağ şikəstəsi" yer alıb. Bütün mahnılar əməkdar artistlər Elnur Əhmədov və Elçin Həşimovun müşayiəti ilə ifa olunub. Biz öz üzərimizə düşən bütün işləri başa çatdırmışıq. İndi albomun dizaynı hazırlanır".
Xanəndə onu da qeyd edib ki, bu, onun Bakıda çıxacaq sayca dördüncü albomudur. Bundan öncə isə, Mənsum İbrahimovun xarici ölkələrdə beş albomu işıq üzü görüb. Xanəndə onu da əlavə edib ki, tələbələri ilə konsert proqramı ilə çıxış edəcək. Konsert Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə fevralın 2-si - Gənclər Günündə Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. M. İbrahimov bildirib ki, konsertdə onun altı gənc tələbəsi öz məharətini göstərəcək.
Muğam ifaçısı bundan əlavə, cari ildə solo konsert proqramı ilə də çıxış edəcəyini də vurğulayıb.