PDF Oxu

Mədəniyyət

  • 203

“Eurovision-2011” yarışmasına 21 mahnı təqdim olunub

“Eurovision-2011” yarışmasına 21 mahnı təqdim olunub
"Eurovision-2011" yarışmasında Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı üzrə müsabiqəyə 21 mahnı təqdim olunub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədovun bildirdiyinə görə, təqdim olunan mahnıların müəllifləri arasında yerli bəstəkarlarla yanaşı, əcnəbi bəstəkarlar da vardır.
Azərbaycanın bu müsabiqədəki təmsilçisinin ifa etməsi üçün 6 xarici ölkədən mahnılar göndərilib. Yanvarın 10-dan elan olunan mahnı müsabiqəsinə, ümumilikdə, 11 müəllif tərəfindən 21 mahnı təqdim edilib. Bunların hamısı mahnı və sözdən ibarətdir. İki nəfər isə yalnız söz təqdim edib.
"Eurovision-2011"-də Azərbaycan təmsilçisinin ifa etməsi üçün yerli müəlliflərdən Vüqar Babayev 5, Ülviyyə Vəliyeva 1, Nərgiz Səfərəliyeva 1, Nazim Paşaoğlu 1 mahnı təqdim ediblər. Əcnəbi bəstəkarlar arasında İspaniyadan Xose Xuan Santana Rodriges 1, Manuel Angel Moreno Pinilla 1, Yunanıstandan Giorgios Kalpakidis 3, Rumıniyadan Madalin Botezatu 1, Avstraliyadan Sebastyan İvanov 1, Noam İnbar və İsak Mizraçi 1, Micke Vennborn 5 mahnı göndəriblər.
Müsabiqəyə yalnız mahnı sözü təqdim edən müəlliflər Kamran Cabbarov və Madura Matedir.
Yanvarın 10-dan etibarən başlanan müsabiqəyə mahnı qəbulu bir ay davam edəcəkdir.
Qeyd edim ki, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision - 2011" mahnı müsabiqəsində Azərbaycan mayın 10-da keçiriləcək birinci yarımfinalda çıxış edəcək.
Düsseldorfda keçirilən püşkatma mərasimində müsabiqənin yarımfinallarına qatılacaq 39 ölkənin hansı yarımfinalda çıxış edəcəyi məlum olmuşdur. Püşkatmanın nəticələrinə görə, mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan yarışacaqlar.
Mayın 12-də keçiriləcək II yarımfinalda isə İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Herseqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya mayın 14-də keçiriləcək finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Hər yarımfinalda 19 ölkə yarışacaq. Hər yarımfinaldan 10 ölkə finalda çıxış etmək şansı qazanacaq.
Böyük beşliyə daxil olan Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcəklər. Böyük Britaniya və İspaniya ilk yarımfinalın, Fransa, Almaniya, İtaliya isə II yarımfinalın iştirakçılarına səs verə biləcəklər.

Digər xəbərlər