PDF Oxu

Mədəniyyət

  • 42

Musiqili Komediya Teatrı yenə də beynəlxalq müsabiqədə

Musiqili Komediya Teatrı yenə də beynəlxalq müsabiqədə
Yaxın zamanlarda müasir standartlara uyğun təmir edilən teatr binalarının sırasına biri də əlavə olunacaq. Ölkə Prezidentinin Azərbaycan Dövlət Musiqili Komediya Teatrı binasının yenidən qurulması ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən, bu sənət ocağının yerləşdiyi tarixi binada təmir-tikinti işləri sürətlə davam edir. Burada təmir-tikinti işləri ilə yanaşı, binanın daxilindəki avadanlıqların da yeniləri ilə əvəzlənəcəyi nəzərdə tutulur.
Zəngin repertuara malik 100 yaşlı teatrın binası tezliklə tam yenilənmiş halda tamaşaçıların ixtiyarına veriləcək. Lakin teatr təmirə bağlansa da, yaradıcı kollektiv fəaliyyətini dayandırmayıb. Yeni tamaşalar hazırlanır, teatrın müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət evində, Xaqani küçəsi 16 ünvanında tamaşalar göstərilir və yeni layihələrə teatr uğurla imza atır. Teatrın sorağı artıq respublika sərhədlərini aşmağa başlayıb. Burada çalışan gənc solistlər bir sıra beynəlxalq müsabiqələrdə iştirak edir və uğurlu nailiyyətlərlə vətənə qayıdırlar. Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın "Səs" qəzetinə verdiyi məlumata görə, bu günlərdə kollektiv daha fərqli və məsuliyyətli bir həyəcan yaşayır. Belə ki, teatrın 100-cü mövsümünün ilk tamaşası olan Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının (rus bölməsi) qəhrəmanı Gülçöhrə - Yuliya Heydərova Sankt-Peterburqa yola düşəcək. Özünəməxsus ifası ilə tamaşaçıları heyrətləndirən aparıcı-solist Sankt-Peterburqda keçiriləcək "Raynsberq Sarayında kamera operası" adlı gənc opera ifaçılarının festivalında iştirak edəcək.
Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabiliyyətinə malik olan Yuliya Heydərova artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. İşlədiyi müddət ərzində teatrın rus bölməsində "Silva" tamaşasında (İ.Kalman) Stassi, "Maritsa"da (İ.Kalman) Liza, "Şən dul qadın"da (F.Leqar) Valentina, "Arşın mal alan"da (Ü.Hacıbəyli) Gülçöhrə, "İddialı qaraçı"da (İ.Kalman) Zari, "Qırmızı papaq"da (E.Sabitoğlu, Y.Şvarts) Qırmızı papaq və dovşan, "Düyməcik"də (Q.K.Anderson) Düyməcik və Elfa, "İki küpəgirən qarı"da (Ə.Əlizadə, R.Sef) Gözəl Yelena, "Qızıl cücə"də (V.Orlov) cücə və dovşan, "Yağış göbələyinin macəraları"da (R.Şəfəq və V.Zimin) Bratiklis kimi rolları özünəməxsuz ustalıqla oynamış və tamaşaçıların yaddaşında qalan obrazlar silsiləsi yaratmışdır.
Xatırladaq ki, bu müsabiqə Musiqili Teatrların Beynəlxalq Assosiasiyası tərəfindən keçirilir. Assosiasiya 2004-cü il aprel ayının 12-də musiqili teatrlar şəbəkəsinin daha da inkişaf etməsi, onların yaradıcılığının dəstəklənməsi və inkişafı üçün mühüm tədbirlər həyata keçirmək məqsədi ilə yaradılıb. Hazırda Assosiasiyanın tərkibinə Azərbaycan da daxil olmaqla Rusiya, Belarus, Qazaxıstan, Ukrayna və s. dövlətlərdən 30-dan yuxarı teatr daxildir. Dövlət Musiqili Komediya Teatrı isə beynəlxalq quruma daxil olan ilk Azərbaycan teatrıdır.

Digər xəbərlər