PDF Oxu

Mədəniyyət

  • 43

Azərbaycan beynəlxalq turizm sərgilərində

Azərbaycan beynəlxalq turizm sərgilərində
Azərbaycan Avstriyanın paytaxtı Vyanada 2011-ci ilin ilk Beynəlxalq Turizm Sərgisində iştirak edir. "Ferien-Messe Wien 2011" adlanan bu sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 24 kvadratlıq lövhə icarəyə götürülmüşdür. Beynəlxalq sərginin iştirakçıları arasında nazirliyin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun əməkdaşı Adil Adilov, analitik təhlil və proqramlar təminatı sektorunun aparıcı məsləhətçisi Türkan İsmayılova ilə yanaşı, "Geo travel" turizm şirkətinin nümayəndəsi də vardır. Azərbaycan "Ferien-Messe Wien" turizm sərgisində artıq 5-ci dəfədir ki, təmsil olunur. Sərgi yanvarın 16-dək davam edəcəkdir. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan turizm imkanlarını daha geniş şəkildə təbliğ etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları cari ilin yanvarında daha bir beynəlxalq sərgidə iştirak edəcəkdir. Belə ki, yanvarın 20-dən 23-dək Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək "MATKA-2011" sərgisində Azərbaycanın turizm potensialı ziyarətçilərə 24 kvadratlıq lövhədə təqdim olunacaqdır. Sərginin ziyarətçilərinə, həmçinin, Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün ingilis və alman dillərində reklam-çap məhsulları, disklər, ölkəmizin istirahət mərkəzləri və təbiətini əks etdirən bukletlər paylanacaqdır. Azərbaycan bu sərgidə ilk dəfə təmsil olunur.

Digər xəbərlər