"Leyli və Məcnun" tamaşası 103-cü ilini yaşadı
Yanvarın 12-si dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə nümayiş etdirildiyi gündür. Məlum olduğu kimi, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyev Teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsası qoyuldu. Bu əsərə zaman-zaman müraciət olunmuş, bu gün də opera Azərbaycan milli sənət əsəri olaraq böyük səhnələrdə oynanılır. 1908-ci il yanvarın 12-də, soyuq bir qış axşamında Tağıyev Teatrında Şərqin ilk operası "Leyli və Məcnun" 22 yaşlı Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycan xalqına bəxş edilmişdir. Elə bir insan yoxdur ki, bu məhəbbət əfsanəsinə böyük maraq və heyranlıqla tamaşa etməsin.
Xalqın professional sənət nümunəsi olan "Leyli və Məcnun"da iştirak etmiş müğənnilər, bu möhtəşəm əsəri müxtəlif quruluşlarda səhnəyə qoymuş rejissorlar, dirijorlar, xormeysterlər, rəssamlar, baletmeysterlər, konsertmeysterlər sonralar xalqın sevimli sənətkarları olmuşdur. Məcnun rolunun ilk ifaçısı olan Hüseynqulu Sarabskinin adı isə əbədi olaraq tarixə həkk olundu. Məcnunu oynamağa hazırlaşan Hüseynqulu Sarabski tez-tez Üzeyir bəylə görüşür, onun yaradıcılıq göstərişlərinə və məsləhətlərinə diqqətlə qulaq asırdı. Nəhayət, bir çox maneə və çətinliklərdən sonra "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulur. İlk tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi. Üzeyir bəyin özü orkestrdə skripkada ifa edirdi. Qurban Pirimov isə sədəfli tarı ilə tamaşanı müşayiət edirdi. "Leyli və Məcnun" operasının ilk tamaşası böyük müvəffəqiyyətlə keçmişdi. Ağzına qədər dolu olan salon qarşısında Məcnun rolunu oynayan H.Sarabski və başqa ifaçılar elə məharət göstərmişdilər ki, tamaşaçılar arası kəsilməyən alqışlarla onları səhnənin qabağına çağırırmışdılar. Tamaşaçılar bir ağızdan "Məcnun" deyib, H.Sarabskini səhnədən buraxmaq istəmirdilər. İlk tamaşanın suflyoru Ə.Rzayev "Teatr və Ərəblinski" adlı xatirəsində yazır ki, xor "Şəbu-hicran"ı oxuyub qurtarandan sonra pərdə düşəndə zaldan gurultulu alqış qopdu. Pərdə dübarə qalxanda Məcnun - H.Sarabski "Mahur-hindi" muğamı üstündə Məhəmməd Füzulinin "Yandı canın hicri ilə vəsli-ruhi yar istərəm" qəzəlini elə məharətlə oxudu ki, mən suflyor budkasında özümü unutmuşdum. Opera gözlənilməz müvəffəqiyyət qazandı. Hüseynqulu Sarabski ömrünün 40 ilini teatr sənətinə həsr etdi. O, bu illər ərzində silsilə rollar yaratmaqla, Azərbaycan teatr sənətinin səhnəsini zənginləşdirdi. Opera sənətinin fədailərindən biri olan Hüseynqulu Sarabski təkrarolunmaz məharətlə yaratdığı Məcnun obrazından sonra Azərbaycan Musiqili Teatrının bütün sonrakı tamaşalarında Şeyx Sənan, Şah Abbas, Söhrab, Kərəm, Aşıq Qərib, Şah İsmayıl, Mərcan bəy, Sərvər və Əsgər kimi baş qəhrəmanların maraqlı obrazlarını yaratdı.
Xüsusilə, onun Məcnun rolu əfsanəyə çevrilmişdi. Şübhəsiz ki, hamı o dövrdə "Leyli və Məcnun" operasına baxmaq imkanına malik deyildi. Xüsusilə, Azərbaycanın uzaq kənd və şəhərlərində yaşayanların Bakıya gəlib operaya tamaşa etmələri müşkül idi. Odur ki, bir çox yerlərdən arası kəsilmədən məktub və teleqramlar gəlir, hamı "Leyli və Məcnun" tamaşasına baxmaq arzusunda olduğunu bildirir, acizanə surətdə xahiş edirdilər ki, Sarabski Lənkəran, Şəki, Gəncə, Şuşa və Tiflis şəhərlərinə qonaq gəlsin. Məhz buna görə Sarabski 1913-1918-ci illərdə öz sənət dostları ilə "Leyli və Məcnun" tamaşasını göstərmək məqsədilə Qafqazın bir çox şəhərlərinə qastrol səfərlərinə çıxmışdı.
Böyük aktyor və nəğməkarın qəlbi ömrünün son dəqiqələrinədək Məcnun obrazı ilə birgə döyünmüşdü. 1945-ci il fevralın 16-da Sarabski ölüm yatağında olarkən sənət dostları Qurban Pirimov və Leyli rolunun ifaçısı, müğənni Həqiqət Rzayevanı yanına çağırmış və gözlərini Qurbana dikərək titrək səslə demişdir: "Qurban çal, son dəfə Leylini dinləmək istəyirəm". Qurbanın tarını, Həqiqətin səsini eşidən müğənni əbədi olaraq gözlərini yummuşdu.
Bu sənət əsəri sonralar çox Leylilər, Məcnunlar yetişdirdi. Dünyanın bir çox ölkələrində əsər müvəffəqiyyətlə oynanıldı. Tamaşa uğurları ilə Azərbaycan opera sənətini dünyaya tanıtdı. Bu gün Azərbaycan opera sənətində yetişən Leylilər və Məcnunlar sənət eşqi ilə Məhəmməd Füzuli və Üzeyir Hacıbəyli dünyasının ilhamı olan əsəri canlandırır, hər nəslin nümayəndəsinə onun sehrindən, cazibəsindən lirik-həzin lövhələri təqdim edirlər.