PDF Oxu

Mədəniyyət

  • 20

2010-cu il milli kinematoqrafiyamız üçün də yeniliklərlə yadda qaldı

2010-cu il milli kinematoqrafiyamız üçün də yeniliklərlə yadda qaldı
Bütün sahələrdə olduğu kimi, ötən il milli kinematoqrafiyamız üçün də bir çox yeniliklərlə yadda qalmışdır. İl ərzində bir çox filmlər ekranlaşdırılaraq geniş tamaşaçı kütləsinə təqdim edilmişdir. Bu ekran əsərlərinin əksəriyyəti beynəlxalq müsabiqələrdə ölkəmizi layiqincə təmsil etmişdir.
2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında "Buta", "Tərsinə çevrilmiş dünya", "Əlavə təsir" ("Bəşəriyyətin xilası") filmlərinin çəkilişləri tamamlanmışdır. "Qisas almadan ölmə", "Ondan yaxşı qardaş yox idi", "Canlı" bədii filmləri üzərində isə işlər davam etdirilir.
Ötən il, həmçinin, müstəqil kino şirkətləri üçün də uğurlu olmuşdur. İl ərzində bu şirkətlərdə bir-birindən maraqlı bir çox filmlər çəkilmişdir. Belə ekran əsərlərindən "Sahə", "Ölüm növbəsi", "Kuklalar", "Aktrisa", "Kabusun gözü ilə" filmlərini göstərmək olar.
Yenicə başa çatmış ildə "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyasında da bir çox tarixi-sənədli filmlər lentə alınmışdır. Qala kəndinin tarixindən bəhs edən "İz...Qala", Azərbaycanın milli qəhrəmanlarına həsr olunmuş dörd sənədli film, İkinci Dünya müharibəsinin qəhrəmanı Hüseynbala Əliyevə həsr olunmuş "Qafqaz qartalının uçuşu" sənədli filmləri dediklərimizə əyani sübutdur. Hazırda bu studiyalarda vətənpərvərlik mövzusunda ssenari müsabiqəsinin qalibi "Mən evimə qayıdıram" bədii filmi və "Onun ürəyi" qısametrajlı musiqili nağıl-filmi üzərində işlər davam etdirilir. Bundan əlavə, "Yaddaş" sənədli filmlər studiyası tərəfindən "Tahir Salahov", "Elmira Şahtaxtinskaya" və "Neft Akademiyası", "Qarabağa gedən yollar" və "Cənnət Səlimova" filmləri çəkilmişdir.
"Buta-film" prodüser mərkəzində "Bakılı neft kralı" sənədli, "Debüt" studiyasında "Usta Yusifin kamançası" qısametrajlı bədii filmlərinin çəkilişləri başa çatmışdır. Eyni zamanda, "Azanfilm" studiyasında "Tırtıl" və "İt sərgisi" cizgi filmləri təhvil verilmişdir. "Mozalan" studiyasının iki yeni buraxılışı tamaşaçıların ixtiyarına verilmişdir.
İl ərzində gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər İsveçrə, Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Ukrayna, Gürcüstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilmişdir.
Kanada, Yaponiya və Fransada "Qala", Rusiya və Macarıstanda "Cavad xan", Fransada "Kabusun gözü ilə" bədii filmlərinin, Sloveniyada "Onun adı Mixaylo idi", Almaniyada "Ümid yeri", Sankt-Peterburqda "Qafqaz qartalının uçuşu" sənədli filmlərinin nümayişi olmuşdur.
Ötən ilin noyabrında keçirilmiş və 15 ölkənin təmsil olunduğu "START" Beynəlxalq Tələbə Filmləri Festivalı da ilin yaddaqalan hadisələrindəndir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan kinolarının əhatə dairəsi getdikcə genişlənir. Ötən ildə olduğu kimi, 2011-ci ildə də istər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə, istərsə də özəl kino şirkətləri tərəfindən bir çox mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq "Salnamə" kinostudiyasında "Belqraddan məktublar" qısametrajlı filminin çəkilişlərinə başlanılmışdır. Kinostudiyadan bildirmişlər ki, yeni ekran əsəri Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan ibarət 223-cü milli diviziyaya həsr olunmuşdur. Filmdə 223-cü diviziyanın keçdiyi döyüş yolu, xüsusən də, 1944-cü ildə Buxarest və Belqradın faşist işğalından azad edilməsində göstərdiyi qəhrəmanlıq əksini tapacaqdır. Çəkilişlər Azərbaycanla yanaşı, Rumıniya və Serbiyada da aparılacaqdır. Ekran əsərində diviziyanın qəhrəmanlığının şahidlərinin xatirələri, hərbi tarixçilərlə görüşlər, müsahibələr yer alacaqdır. Bu məqsədlə filmin yaradıcı heyəti artıq həmin ölkələrə yola düşmüşdür.
"Belqraddan məktublar" filmində, həmçinin, müharibə illərində diviziyanın tərkibində faşistlərə qarşı mərdliklə vuruşmuş azərbaycanlılardan biri - Sabirabad rayonunun sakini Zülfəli Əliyevin xatirələri də veriləcəkdir.
Filmdə arxiv materiallarından da istifadə olunacaqdır. Bu məqsədlə Rusiya Dövlət Kino və Foto Arxivindən lazımi materiallar artıq Bakıya gətirilmişdir.
"Belqraddan məktublar" filminin ssenari müəllifi Toğrul Vəli və Tahir Əliyev, prodüseri Böyükağa Məmmədov, operatoru Elxan Rüstəmovdur.
Filmin təqdimatının 9 May - Qələbə Günündə keçirilməsi nəzərdə tutulmuşdur.

Digər xəbərlər