Vaxtilə çıxışlarını maraqla izlədiyimiz, tədqiqatlarını müşahidə etdiyimiz, müsahibimiz olan qələm sahibini bu gün xatırlamaq, yaradıcılıq irsindən söz açmaq zəngin dünyaya səyahət tək şərəflidir. Aləmə səsini salan və bu səs ilə Azərbaycan tarixini, adət-ənələrini, milli dəyərlərini yayan yazıçı yaşadığı zamanın ən böyük nasirlərindən bir olaraq yaddaşlara həkk olundu.
Onun kimliyi, böyüklüyü elə əsərləri, çıxışları, gənclərə, xüsusilə də, xanımlara bir müəllim, ziyalı, ana qayğısı ilə yanaşması ilə aydın görünür. Bu fərdi xüsusiyyətlər Əzizə xanımla bağlı çox fikirlərin bizlərdə oyanmasına səbəb olmuşdur. Uzun və mənalı, təkrarsız, axtarışlı bir ömür yaşayan Əzizə xanım yaşının hansı çağında olmasına baxmayaraq, ruhlu, əməksevər bir ziyalı tək insanların, yaxınların yaddaşında qaldı. Ömür təqvimindən qopan vərəqlər onun yaşını kamil dövrünə qədər gətirib çıxardı. Yazdı-yaratdı.
Yaradıcılıq irsi şaxəlidir. Burada bir həyatın mübarizəsi də var, isti nəfəsi də, qələminin şirinliyi də, qəlbini döyüntüsü də, axtarışların nəticəsi də. Azərbaycan ədəbiyyatı tarixinə saldığı izləri gələcək nəsillərə nələri diqtə edəcək?
Əzizə Cəfərzadə 1921-ci ilin elə bu günü dünyaya gəlib. Yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor kimi adlara, mükafatlara layiq görülüb. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə Teatr Texniki Məktəbinin müdiri, 1950-1955-cı illərdə Pedaqoji İnstitutda dosent, kafedra müdiri,1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957-74-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır.
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. "Aləmdə səsim var mənim" ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır. "Vətənə qayıt" isə XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Səlyan bölgəsində baş verən hadisələri, "Yad et məni" XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığını, "Bakı-1501" Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini, "Cəlaliyyə" XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini, "Eldən-elə" XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatını əks etdirən nəsr əsərləridir.
Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də, şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir. Onun bir çox toplayıb çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı, onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövri mətbuatda çap edilmişdir.
Əzizə xanım bir sıra xarici müəlliflərin, o cümlədən, S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə.Kabaklənin "Əjdaha daşı", S.Çokumun "Bizim diyar" və sair əsərlərini ana dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri rus, fars, tacik, ərəb, qazax və başqa dillərə tərcümə edilib, xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair çoxsaylı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı, o, radioda Cənubi Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.
1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.
Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. "Azərtelefilm" birliyi onun həyat və yaradıcılığı haqqında 2 televiziya filmi çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə "Azərbaycan anası" və "Xalq yazıçısı" kimi yüksək adlara layiq görülmüşdür.