İmza Gününün təməli qoyulub
Yeni il ərəfəsində Sumqayıtın poeziya həvəskarları gözəl hədiyyə almışlar. Bakı şəhər Mədnəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, şəhərdə yeni ənənənin - İmza Gününün təməli qoyulub. İdeyanın təşəbbüskarı şair-jurnalist Əli Nəcəfxanlıdır. Onun yeni "Payız prospekti" şeirlər kitabının Sumqayıtın Əli Kərimi adına Poeziya klubunda təqdimatı baş tutub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu Əli Əliyev (Nəcəfxanlı) ömrünün 30 ilini jurnalistika fəaliyyətinə həsr edib. Poeziya onun ikinci həyatıdır. Şairin şeirləri müxtəlif məsələlərə, o cümlədən, xalqımız üçün ağrılı müharibə mövzusuna həsr olunub. "Payız prospekti" doğulandan ölənədək adi insan həyatına, gündoğandan günbatanadək keçən günə həsr olunmuş epopeyadır. Bu, şairin özü haqqında düşüncələrdir. Eyni zamanda, şeirlərdə həyata, Vətənə, Azərbaycan təbiətinə böyük sevgi ifadə olunur.