V Respublika bədii qiraət müsabiqəsi qalibləri mükafatlandırıldı
Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Gümüş maska" zalında "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlarının təqdimolunma mərasimi keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2010-cu il dekabr ayının 1-dən 3-dək Göyçay rayonunda Rəsul Rzanın 100 illiyinə həsr edilmiş "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi yüksək bədii-təşkilati səviyyədə keçirilmişdir. Müsabiqədə 34 bölgəni təmsil edən 70 nəfər iştirak etmişdir. Bu sırada olan iştirakçılardan qaliblər müəyyənləşdirilmişdir.
Təqdimolunma mərasimində münsiflər heyətinin qərarı əsasında I mükafata (500 manat, laureat adı və diplom) Füzuli rayonunu təmsilçisi, Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissoru" fakültəsinin tələbəsi Ərzənalıyeva Pərvin Ərzənalı qızı, II mükafata (300 manat, laureat adı və diplom) Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Qurbanova Könül Əliyar qızı, III mükafata (250 manat, laureat adı və diplom) Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Ağayeva Həcər Maqsud qızı, həvəsləndirici mükafatlara (100 manat və diplom) Salyan Dövlət Kukla Teatrının aktyoru Həsənov Rauf Akif oğlu, Bakı şəhərindəki Əmircan Mədəniyyət Evinin təmsilçisi Rəfiyev Firuz Kərim oğlu və Göygöl rayonunun təmsilçisi Cəlilova Arzu Bəxtiyar qızı layiq görüldülər. Göyçay rayon Mədəniyyət və Turizm şöbəsinin təsis etdiyi xüsusi mükafatla (100 manat və diplom) isə Ucar rayonunu təmsil edən Məmmədov Elçin Aslan oğlu təltif edildi.