“Tərsinə çevrilmiş dünya” filminin çəkilişləri başa çatıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Tərsinə çevrilmiş dünya" filminin çəkilişləri başa çatıb. Bu barədə kinostudiyadan məlumat verilib.
Film detektiv janrındadır. Azərbaycan və İran kinematoqrafçılarının birgə işi olan filmin çəkilişləri İranın Ənzəli və Tehran şəhərlərində, sonra isə Azərbaycanın Gəncə şəhərində aparılıb. Ekran əsəri gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. Filmin premyerası həm İranda, həm də Azərbaycanda baş tutacaq.
Xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən ekran işinin rejissoru Ənvər Əblucdur. "Tərsinə çevrilmiş dünya" filmi müştərək olduğundan, burada yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkiliblər.