"Yeni il şənliyində qış möcüzəsi"
Heydər Əliyev Sarayının təşkilatçılığı ilə yanvarın 2, 3, 4 və 5-də keçiriləcək Yeni il şənliyində xalq artisti Zülfiyyə Xanbabayeva 4 gün uşaqlar üçün hazırladığı mahnılarla çıxış edəcək. Artıq bir aya yaxındır "Yeni il şənliyində qış möcüzəsi" adlı konsert proqramının məşqləri aparılır. On metr hündürlüyündə ən böyük şam ağacı da ilk dəfə sarayın səhnəsində quraşdırılacaq. Bununla yanaşı, "Nestle" şirkətinin konsert üçün hazırladığı xüsusi hədiyyələr də foyedə satışa çıxarılacaq.
Heydər Əliyev Sarayında yanvarın 2-dən 5-dək keçiriləcək konsertdə "Çiçəyim" Uşaq teatrı, "Dəcəl qızlar", "Səyyah", "Azəri inciləri" və "Şənlik" rəqs kollektivləri uşaqlara öz bayram töhfələrini təqdim edəcəklər. Yeni ilin personajı sayılan Şaxta baba, milli və xarici nağıl qəhrəmanları uşaqları təbrik edənlərin sırasında olacaqlar.