Xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub
Respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, milli musiqi alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinin I turu zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda, müsabiqənin II turu isə Bakı şəhərində keçirilmişdir. Müsabiqədə respublikanın müxtəlif rayon və şəhərlərinin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak etmişdir.
İki yaş qrupunda tar, kamança, saz, kanon, balaban və qarmon musiqi alətləri üzrə keçirilən müsabiqədə münsiflər heyətinin qərarı ilə Bakı, Gəncə, Şəki, Şirvan, Ağcabədi, Göygöl, Qusar, Samux şəhər və rayonlarının, habelə, Naxçıvan Muxtar Respublikası uşaq musiqi və incəsənət məktəblərinin şagird, müəllim və konsertmeysterləri Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif dərəcəli diplomları, Fəxri fərmanları və pul mükafatları ilə təltif olunmuşlar. Bundan başqa Lənkəran, Sumqayıt, Şamaxı, Ağstafa, Balakən, Füzuli, Gədəbəy, Goranboy, Qəbələ və Salyan şəhər və rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinə müsabiqədə fərqləndiklərinə görə tərifnamələr verilmişdir.
Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata istinadən, 22 dekabr tarixində Azərbaycan Dövlət Filarmoniyasında uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcəkdir.