Türk dünyası ədəbiyyat jurnalları konqresi işinə başlayıb
Ankarada TÜRKSOY və Avrasiya Yazıçılar Birliyinin təşkilatçılığı və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə Türk dünyası ədəbiyyat jurnalları konqresi işinə başlayıb. Konqresdə 16 ölkədən 29 ədəbiyyat jurnalı, o cümlədən, Azərbaycanın "Ulduz" və "Dünya ədəbiyyatı" jurnallarının təmsilçiləri iştirak edirlər. Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Dəliöməroğlu son illər geniş vüsət almış türk dünyası ölkələrinin inteqrasiyası prosesində mədəniyyət və ədəbiyyatın rolunu vurğulayıblar.
Üç gün davam edəcək konqresdə ədəbiyyat jurnallarının redaktorları "İnternetdə jurnal fəaliyyəti", "Türk respublikalarının müstəqilliyinin 20-ci ildönümündə jurnalların üzərinə düşən vəzifələr" və "2010-cu ilin ədəbiyyat mükafatlarının müzakirəsi" bölmələrində çıxış edəcəklər. Konqresin yekunlarına dair Bəyannamə qəbul olunacaq.